Soba Paketində Toyuq Qızartması

Yields: 1 Serving

Qəfil gələn qonağa çox az vaxtda ləzzətli toyuq bişirə bilərsiniz. Bütöv halda souslayıb soba paketində öz suyunda və yağında bişən yemək qonaqlarınızın xoşuna gələcək. Evdar.az soba paketində toyuq qızartmasının reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd 1-1,5 kq toyuq
  • 1 ədəd soba paketi
  • 1 çay qaşığı un
  • 1 xörək qaşığı limon suyu
  • 4 ədəd kartof
  • 3 ədəd yerkökü

Sous üçün:

  • 2 xörək qaşığı zeytun yağı
  • duz
  • kəklikotu
  • istiot
  • qırmızı şirin bibər tozu
  • 2 diş rəndələnmiş sarımsaq

Hazırlanma qaydası:

İlk əvvəl toyuğu yuyub suyunu mətbəx salfetiylə qurulayın. Sousu hazırlamaq üçün bir qabda zeytun yağı, duz, kəklikotu, istiot, qırmızı şirin bibər tozu və rəndələnmiş sarımsağı qarışdırın. Toyuğun hər tərəfinə əvvəl limon suyunu, daha sonra da sousu yaxın. 1 saat saxlayın. Soba paketinin içərisinə 1 çay qaşığı un səpin və toyuğu ehtiyyatla paketin içinə yerləşdirin . Kartof və yerkökünün qabıqlarını soyub dilimləyib qalan sousa bulayın. Tərəvəzləri soba paketinin içinə yerləşdirdikdən sonra paketin ucunu qıvıraraq bağlayın. Paketin üzərindən bir neçə yerindən iynəylə dəliklər açın. Toyuğu soba sinisinə yerləşdirib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin. Sobadan çıxardıb paketi diqqətlə açın, çox diqqətli olun buxarı əlinizi yandıra bilər. Təkrar sobaya qoyub və üzəri qızarana qədər bişirin. Qızaran toyuğu sobadan çıxardıb süfərəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.