Zəngin Qəhvə Dadı və Aroması Olan Mokko Tortu

Yields: 1 Serving

Qəhvə və şokolad həvəskarları üçün zəngin dadı və ətri olan “Mokko” tortunu yemək üçün kafe və restoranlara getməyə ehtiyac yoxdur. Evdar.az zəngin dadı və aroması ilə uzun müddət yadda qalacaq Mokko tortunun reseptini təqdim edir.

Zəngin Qəhvə Dadı və Aroması Olan Mokko Tortunun tərkibi:

Biskviti üçün:

  • 6 ədəd yumurta
  • 200 qr şəkər tozu
  • 50 qr kərə yağı
  • 150 qr un
  • 50 qr nişasta
  • 2 çay qaşığı qabartma tozu
  • 50 qr kakao

Kremi üçün:

  • 7 ədəd yumurta sarısı
  • 80 ml qəhvə
  • 200 qr şəkər tozu
  • 350 qr kərə yağı

Korjları islatmaq üçün:

  • 80 ml qəhvə

Mokko Tortunun hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün ilk öncə bir qabda yumurtanın üzərinə şəkər tozu əlavə edib mikserlə yaxşıca çırpın. Daha sonra üzərinə mikrodalğalı sobada əridilmiş kərə yağını əlavə edib çırpmağa davam edin. Üzərinə ələnmiş un, qabartma tozu, kakao və nişastanı ələyin. Tel çırpıcıyla aşağıdan yuxarıya doğru hərəkətlərlə ehtiyyatla qarışdırın. Diametri 22 sm olan dairəvi qəlibə yağlı kağız sərin və xəmiri töküb yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin. Sobadan götürüb soyudun. Bişən biskviti 2-3 hissəyə ayırıb,üst nahamar hissəni istifadə etməyə bilərsiniz.

Kremi hazırlamaq üçün 80 ml qəhvəni dəmləyin. Balaca qazanda dəmlənmiş qəhvə və şəkər tozunu töküb ocağa qoyun. Vam odda qarışdırmadan 116 dərəcə istiliyə gələnə qədər qaynadın. Şirənin termometr olmadan hazır olduğunu bilmək üçün, bir balaca qaşıqla şirədən soyuq, buz kimi suya əlavə edin. Əlinizlə forma verərək, plastilin halına gəlirsə demək hazırdır. Başqa bir qabda yumurta sarısını mikserlə 1 dəqiqə çırpın. Daha sonra qaynar şirəni az-az əlavə edib çırpmağa davam edin. Kütlə tam soyuduqda yumşaq kərə yağını da hissə-hissə əlavə edib krem halına gələnədək çırpın. Korjları islatmaq üçün qəhvə dəmləyin. İlk korju boşqaba yerləşdirib dəmlənmiş qəhvəylə isladın. İlk korju kremləyin, ikinci korju da üzərinə yerləşdirib eyni qaydayla isladın. Tortun hər tərəfini kremləyin və kənarlarına badam yarpağıyla bəzəyin. Və ya kəsib ayırdığınız nahamar korju da toz halına gətirib kənarlarını bəzəyə bilərsiniz. Qalan kremlə tortun üzərini bəzəyin. Kakao səpib 5-6 saatlıq soyuducuya yerləşdirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.