Sovet Dövrünün Məşhur “Abrikotin” Tortu

Yields: 1 Serving

“Abrikotin” tortu sovet dövrünün ən məşhur tortlarından biridir. Tortun krem və qlazuruna Abrikotin meyvə likörü əlavə edildiyi üçün belə adlandırılıb. “Abricotine” 70-ci illərdə Fransada istehsal edilmiş ən məşhur ərik likör markası idi. Bir çox şirniyyat həvəskarları bu içkini bilirlər – tortlar, xəmir və digər qənnadı məmulatlarında çox geniş istifadə olunurdu. Evdar.az ləziz tortun reseptini təqdim edir.

“Abrikotin” Tortunun tərkibi:

Xəmiri üçün:

  • 330 qr un
  • 185 qr otaq temperaturunda yumşaldılmış kərə yağı
  • 125 qr şəkər tozu
  • 1 ədəd yumurta
  • 1 çay qaşığı qabartma tozu
  • çimdik duz

“Şarlott” kremi üçün:

  • 160 qr kərə yağı
  • 1 ədəd yumurta sarısı
  • 130 qr şəkər tozu
  • 90 ml süd
  • 1 paket vanil
  • 2 xörək qaşığı ərik likörü (satışda olmasa istənilən meyvə likörü)

Qlazur üçün:

  • 150 qr şəkər kirşanı
  • 1 çay qaşığı çuğundur şirəsi
  • 2 xörək qaşığı ərik likörü (və ya su)

“Abrikotin” Tortunun hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda un, otaq temperaturunda yumşaldılmış kərə yağı, şəkər tozu, yumurta, qabartma tozu və duz əlavə edib xəmir yoğurun. Xəmirdən 5 ədəd kündə hazırlayıb streç salafana bükün və 20 dəqiqəlik soyuducuya yerləşdirin.  Soyuduqdan sonra hər bir hissəni yağlı kağız üzərində üzərində oxlovla yayın və diametri 20 sm olan dairələr kəsin. Hər bir hissəsini dondurucuya qoyun. Dondurucudan çıxarıb əvvəlcədən 200 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə bişirin. 

Kremi hazırlamaq üçün bir qabda yumurta sarısını südlə qarışdırın. Üzərinə şəkər tozu və vanil əlavə edib vam odda qatılaşana qədər bişirin. Ocaqdan götürüb otaq temperaturunda soyudun. Otaq temperaturunda yumşaldılmış kərə yağını mikserlə yaxşıca çırpın. Bişib soyuyan qarışığı hissə-hissə yağa əlavə edib dayanmadan  çırpın. Ən sonda likörü əlavə edib qarışdırın.

Kremi 6 hissəyə bölün, bir hissəsini bəzəmək üçün saxlayın. Korjları üst-üstə düzərək kremin qalan hissəsi ilə yağlayın. Ən üst korju kremləməyin, çəhrayı rəngli kremlə örtün. Və ya sadəcə qlazur hazırlayın.

Qlazuru hazırlamaq üçün şəkər tozunu çuğundur suyu ilə qarışdırın. Üzərinə likör əlavə edin, içki əlavə etmirsinizsə, limon suyu və ya su əlavə edin.

Tortun kənarlarını kremləyin və korjların kənarlarından qalan xırdalanmış ovuntuyla bəzəyin.Əridilmiş şokoladla çəhrayı qlazurun üzərini bəzəyin. Kənara ayırıb qoyduğunuz  kremlə tortun orta və kənar hissəsini bəzəyin. Qovrulmuş qoz-fındıq ləpəsi də səpə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir