Süfrələri Bəzəyən Rəngarəng Qəlyanaltı Ruletləri

Yields: 1 Serving

Qonaqlarınızı təəccübləndirmək istəyirsinizsə 3 rəngli qəlyanaltını hazırlamağı təklif edirik. Yalnız təbii rənglərlə, içliklə doldurulmuş ruletlər. Evdar.az süfrələri bəzəyən rəngarəng ruletlərin reseptini təqdim edir.

İspanaqlı Rulet

İspanaqlı ruletin tərkibi:

  • 2 ədəd yumurta
  • 2 xörək qaşğı un
  • 100 qr ispanaq
  • 2 xörək qaşığı bitki yağı
  • 150 qr azduzlu forel
  • 150 qr 5%-lik kəsmik
  • 2 diş sarımsaq
  • zövqə görə cəfəri
  • 1 çimdik duz

Hazırlanma qaydası:

İspanaqlı korju hazırlamaq üçün yuyulub qurudulmuş ispanaqları doğrayın. Bir qaba doğranmış ispanaq, üzərinə yumurta sarısı və bitki yağı əlavə edin. Əl blenderiylə yaxşıca əzin. Üzərinə un əlavə edib qarışdırın. Başqa bir qabda yumurta ağının üzərinə bir çimdik duz səpib mikserlə yaxşıca çırpın. Çırpılmış yumurta ağını ispanaqlı-unlu qarışığa az-az əlavə edərək ehtiyyatla qarışdırın. Yağlı kağız sərilmiş düzbucaqlı soba sinisini yağlayın. Xəmiri siniyə yayın və əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 6-7 dəqiqə bişirin.

İçliyi hazırlamaq üçün kəsmiyi ələkdən keçirib üzərinə xama, doğranmış cəfəri ,rəndədən keçirilmiş sarımsaq və duz töküb qarışdırın. İspanaqlı korjun kənarlarını kəsərək hamarlaşdırın.Kəsmikli içliyi korjun üstünə yayın və nazik dilimlənmiş foreli aralıqlarla düzüb rulet formasında bükün. İspanaqlı ruleti streç salafana bükün və yarım saatlıq soyuducuya yerləşdirin ( və ya bir gecə saxlayın).

Çuğundurlu Rulet

Çuğundurlu ruletin tərkibi:

  • 50 qr çuğundur
  • 2 ədəd yumurta
  • 2 xörək qaşığı un
  • 1 xörək qaşığı bitki yağı
  • 150 qr azduzlu siyənək balığı
  • 1 ədəd duzlu xiyar
  • 150 qr rikotta pendiri
  • 2-3 budaq şüyüd
  • 2 diş sarımsaq
  • 1 çimdik duz

Hazırlanma qaydası:

Çuğunduru mətbəx robotuyla xırda doğrayın. Bir qabda yumurta sarısı, çuğundur püresi və bitki yağını blenderlə yaxşıca əzin. Üzərinə unu əlavə edib qarışdırın. Başqa bir qabda yumurta ağını yaxşıca çırpın. Çırpılmış yumurta ağıyla çuğundurlu kütləni birləşdirin. Yağlı kağız sərilmiş düzbucaqlı soba sinisini yağlayın. Xəmiri siniyə yayın və əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 6-7 dəqiqə bişirin.

İçliyi hazırlamaq üçün rikotta pendirini xırda doğranmış şüyüd və sarımsaqla qarışdırın. Korja içliyi yaxıb, bükəcəyiniz hissədən azduzlu siyənək filesini düz xəttlər şəklində düzün. Daha sonra uzun xəttlər şəklində doğranmış duzlu xiyarı da düzüb rulet şəklində bükün.

Yerkökülü Rulet

Yerkökülü ruletin tərkibi:

  • 50 qr yerkökü
  • 2 ədəd yumurta
  • 2 xörək qaşığı un
  • 1 xörək qaşığı bitki yağı
  • 1 çimdik duz
  • 150 qr bərk pendir
  • 2 xörək qaşığı mayonez
  • 2 diş sarımsaq
  • yağıl soğan

Hazırlanma qaydası:

Yerkökünü təmizləyib mətbəx robotuyla xırdalayın. Üzərinə yumurta sarısı və bitki yağı əlavə edib blenderlə püre halına gətirin. Un da əlavə edib qarışdırın. Başqa bir qabda yumurta ağını bir çimdik duzla çırpın. Çırpılmış yumurta ağıyla yerkökülü kütləni birləşdirin. Yağlı kağız sərilmiş düzbucaqlı soba sinisini yağlayın. Xəmiri siniyə yayın və əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 6-7 dəqiqə bişirin.

İçlik üçün rəndələnmiş holland pendiri, sarımsaq və mayonez qarışdırın. Zövqə görə doğranmış yaşıl soğan əlavə edə bilərsiniz. İçliyi korja yaxıb rulet şəklində bükün və soyuducuya yerləşdirin. Rəngarəng ruletlər hazırdır. Hər rəngdə olan ruletləri dilimlər şəklində yan-yana düzüb süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.