Süfrəyə Gözəllik Qatan Qızılgül Formasında Blinçik Tortu

Sufreye Gozellik Qatan Qızılgul Formasında Blincik Tortu
Yields: 1 Serving

Ləçəkləri qızılgül qönçəsi kimi açılan, hər dilimində zəriflik olan bu tort kulinariyanın şah əsəridir. Evdar.az süfrələrinizə gözəllik qatan qızılgül formasında tortun reseptini təqdim edir.

Süfrəyə Gözəllik Qatan Qızılgül Formasında Blinçik Tortunun tərkibi:

Blinçik xəmiri üçün:

  • 3 ədəd yumurta
  • 3 xörək qaşığı şəkər tozu
  • 50 ml bitki yağı
  • 800 ml süd
  • qırmızı qida boyası
  • 0.5 çay qaşığı duz
  • 350 qr un

Kremi üçün:

  • 500 ml 33%-lik qaymaq
  • 250 qr krem pendir
  • şəkər kirşanı

Ara qatları üçün çiyələk

Süfrəyə Gözəllik Qatan Qızılgül Formasında Blinçik Tortunun hazırlanma qaydası:

Blinçikləri hazırlamaq üçün dərin bir qabda süd, yumurta, şəkər tozu, bitki yağı, duz və qırmızı qida boyası əlavə edib mikserlə yaxşıca qarışdırın. Üzərinə ələnmiş unu da əlavə edib topaq qalmayacaq şəkildə qarışdırın. Blinçik xəmirindən bir çömçə qaşıq götürüb qızdırılmış blinçik tavasında iki tərəfli bişirin. Bu qaydayla xəmir bitənə qədər blinçiklər bişirib üst-üstə düzün və üzərini salafan paketlə örtüb kənara qoyun.

Kremini hazırlamaq üçün bir qabda qaymaq, krem pendir və şəkər kirşanını mikserlə yaxşıca çırpın.

Blinçik xəmirinin birini dəzgahın üzərinə qoyub bir hissəsinə krem yaxın (blinçikin kənar hissəsində bir az məsafə saxlayın) və  kiçik doğranmış çiyələk düzüb qutab kimi qatlayın. Bu qaydayla 4 ədəd blinçiki kremləyib hazırlayın və kənarları üst-üstə gələcək şəkildə yan-yana düzün. Blinçiklərin bir az yapışması üçün krem yaxıb rulet kimi büküb boşqabın orta hissəsinə (və ya bitkvit halqasına) yerləşdirin. Daha sonra qalan blinçikləri də kremləyib qatlayın və tortun ətrafına yerləşdirib təbəqələri bir-birinə sıxın. Tortun üzərindəki ləçək kimi açılan blinçiklərin kənarlarını əyərək gül forması verin. Hazır tortu 1 gecə soyuducuda saxlaya bilərsiniz. Süfrəyə verdikdə üzərinə zövqə görə şəkər kirşanı səpə bilərsiniz.

Əlavə qeyd:

  • Qida boyasının əvəzinə ev şəraitində hazırlanan təbii qida boyası istifadə edə bilərsiniz.
  • Şokoladlı blinçik tortu üçün kakao əlavə edə bilərsiniz.
  • Kremin şirinliyini zövqə görə özünüz tənzimləyə bilərsiniz.
  • Çiyələklə birlikdə banan da istifadə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir