Turş Dadı Sevənlər Üçün Limonlu Çizkeyk

Yields: 1 Serving

Həddindən artıq şirin sevməyənlər üçün ən doğru seçim turş bir meyvəylə ləzzətləndirilmiş desertlərdir. Turş desert dedikdə ağla ilk gələnlərdən biri limonlu cheesecake-dir. Evdar.az  asan hazırlanan dadlı limonlu çizkeykin reseptini təqdim edir.

Tərkibi:

Alt qat üçün:

  • 300 qr yulaflı peçenye
  • 110 qr kərəyağı
  • 40 qram şəkər tozu

Orta qat üçün:

  • 25 qr un
  • 4 ədəd yumurta
  • 700 qr labne pendiri
  • 200 qr qaymaq krem
  • 3,5 xörək qaşığı limon suyu
  • 1 xörək qaşığı limon qabığı rəndəsi
  • 200 qr şəkər tozu

Limon sousu üçün:

  • 1 stəkan limon suyu
  • 1 ədəd limon qabığı rəndəsi
  • yarım stəkan şəkər tozu
  • 1 xörək qaşığı nişasta
  • 1 qaşığı qaşığı kərə yağı

Hazırlanma qaydası:

Alt qatı hazırlamaq üçün yulaflı peçenyeləri mətbəx robotuyla xırdalayın. Üzərinə əritdiyiniz kərə yağı və şəkər tozunu əlavə edib yaxşıca qarışdırın. Diametri 24 sm olan dairəvi qəlibə yağlı kağız sərin. Qəlibin xaricini də folqa kağızı ilə sarıyın. Qarışığı qəlibə töküb üstündən basaraq yayın. Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirib sobadan çıxarın. Daha sonra sobanın istiliyini 150 dərəcəyə endirin.

Labne pendiri, un və şəkər tozunu mikserdə ya da çırpma teliylə aşağı sürətdə çırpın. Ancaq çox köpməsin. Limon suyu, qaymaq və limon qabığını qarışdırıb pendirli qarışığa əlavə edin və taxta qaşıqla (və ya spatula ilə) yaxşıca qarışdırın. Yumurtaları qarışığa tək-tək əlavə edib qarışdırın. Hamısını yaxşıca qarışdıqdan sonra hazırladığınız kütləni qəlibə tökün. Qəlibi soba sinisinə yerləşdirin və siniyə 3 barmaq yüksəkliyində su qoyun. Sinini sobaya yerləşdirin və 70 dəqiqə bişirin. Bişdikdən sonra sobanı bağlayıb qapağını açmadan 15 dəqiqə gözlədin. 15 dəqiqə sonra qapağı yarımçıq açıb 20 dəqiqə də belə dinləndirin. Sobadan çıxartdığınız qəlibi otaq istiliyinə gələnə qədər gözlədin və soyuducuya yerləşdirin.

Limon sousu üçün nişasta, limon suyu, limon qabığı rəndəsi və şəkər tozunu bir qabda qarışdırın. Orta ocaqda qatılaşana qədər qarışdıraraq bişirin. Qatılaşan sousun içərisinə kərəyağını əlavə edib qarışdıraraq əridin və soyudun. Sousu çizkeykin üzərinə yayıb bu şəkildə soyumasını gözləyin. Daha sonra dilimləyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.