Unsuz Zərif “Xəyal” Tortu

Unsuz Zerif Xeyal Tortu (1)
Yields: 1 Serving

“Xəyal” tortu 1983-cü il nəşrinə aid Skandinaviya ənənələrində qədim reseptdir. İda Savinin “Buns, Pies, Cakes” (Bulka, Piroq və Pirojna) kitabından götürülmüşdür. Unsuz bişirilən Fin tortu yüngül olduğu kimi də qlütensiz qidalananlar üçün də uyğundur. Evdar.az unsuz tortun reseptini təqdim edir.

Unsuz Zərif “Xəyal” tortunun tərkibi:

Biskviti üçün:

  • 5 ədəd yumurta
  • 200 qr şəkər tozu
  • 130 qr kartof nişastası
  • 40 qr kakao
  • 5 qr qabartma tozu

İslatmaq üçün:

  • 100 ml tünd şirin qəhvə

Kremi üçün:

  • 250 ml 33-35% yağlılığı qaymaq
  • 150 ml tünd qəhvə
  • 30 qr şəkər kirşanı
  • 7 qr tez əriyən jelatin

Üzəri üçün:

  • 200 ml 33-35%-lik qaymaq
  • 1 xörək qaşığı şəkər kirşanı
  • rəndələnmiş şokolad
  • qəhvə dənəsi

Unsuz Zərif “Xəyal” tortunun hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün ilk öncə bir qabda qarğıdalı nişastası, qabartma tozu və kakaonu qarışdırıb ələyin. Yumurtaların sarısını ağından ayırın.  Dərin bir qabda yumurta ağını 2-3 xörək qaşığı şəkər tozuyla yaxşıca çırpın. Başqa bir qabda yumurta sarısını qalan şəkər tozuyla birlikdə mikserlə çırpın. Çırpılmış yumurta və sarısını ehtiyyatla birləşdirib qarışdırın. Üzərinə ələnmiş un qarışığını hissə-hissə əlavə edib qarışdırın. Diamteri 24 sm olan dairəvi qəlibə yağlı kağız sərin. Xəmiri yağlı kağız sərilmiş qəlibə töküb hamarlayın. Qəlibi əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə bişirin. Biskvitin bişməyini çöplə yoxlayıb qəlibi dəmir torun üzərində soyudun. Daha sonra biskviti ehtiyyatla qəlibdən çıxarıb 3-4 saat soyudun (o saatdan tez kəsməyin!). Tamamilə soyuyan biskviti 3 hissəyə ayırın.

Kremi hazırlamaq üçün soyuq qəhvənin üzərinin üzərinə jelatini əlavə edib şişməsi üçün kənarda saxlayın. Şişən jelatini yüngül isidin ki, jelatin tamamilə ərisin. Daha sonra tel süzgəcdən süzüb hazır qəhvəli jelatini  soyuması üçün otaq temperaturunda saxlayın. Soyuq qaymağı şəkər kirşanıyla mikserlə yaxşıca çırpın.  Qaymağın üzərinə hazır jelatinli qəhvəni az-az əlavə edib qarışdırın. Tort halqasına biskvitin 1-ci hissəsini yerləşdirib soyuq şirin qəhvəylə isladın. Üzərinə kremin yarı hissəsini yaxıb ikinci biskiviti yerləşdirin. İkinci biskviti də soyuq şirin qəhvəylə isladıb qalan kremi də yaxın. Üçüncü biskviti çevirib dəzgahın üzərində isladıb tortun üzərinə (isladılmış hissə altda qalacaq şəkildə) yerləşdirin. Tortu bir neçə saatlıq soyuducuya yerləşdirin. Daha sonra soyuducudan çıxarıb tortu halqadan ayırın.

Tortun üzərini bəzəmək üçün dərin bir qabda 200 ml soyuq qaymağın üzərinə 1 xörək qaşığı şəkər kirşanı əlavə edib mikserlə yaxşıca çırpın. Çırpılmış kremi konditer torbasına doldurun. Qalan kremlə tortun kənarlarına və üzərinə nazik qat krem yaxıb hamarlaşdırın.Tortun üzərinə rəndələnmiş şokolad səpin. Ulduz başlıqlı konditer torbasını sıxaraq tortun üzərini bəzəyin. Kremin üzərini isə qəhvə dənəsiylə bəzəyin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir