Qoz peçenyesi uşaqlar və böyüklər üçün sevimli bir şirniyyatdır. Evdar.az içərisi zərif doldurulmalı qoz şirniyyatının reseptini təqdim edir.
Qoz Şirniyyatının Tərkibi:
Xəmiri üçün:
- 370 qr un
- 5-6 qr və ya 0,5 çay qaşığı soda
- 3-4 qr uksus
- 3 ədəd və ya 150 qr yumurta
- 185 qr 82,5 %-lik kərə yağı
- 65 qr 20%-lik xama
- 65 qr mayonez
- 230 qr şəkər tozu
Kremi üçün:
- 350 qr bişmiş qatılaşdırılmış süd
- 80 qr 82,5 %-lik kərə yağı
- 40 qr qovrulmuş qoz ləpəsi
- 50 qr ağ şokolad (və ya zövqə görə)
Qoz Şirniyyatının Hazırlanma Qaydası:
Xəmiri hazırlamaq üçün kərə yağını əridin. Bir qabda yumurta, şəkər tozu, xama və mayonezi mikserin maksimal sürətiylə 2 dəqiqə çırpın. Üzərinə əridilmiş isti kərə yağını və uksusda söndürülmüş sodanı da əlavə edib çırpmağa davam edin. Ələnmiş unu da əlavə edib miskerin sürətini azaldıb çırpın (xəmir çox qatı olmayacaq). Hazır xəmiri 10 dəqiqə kənarda saxlayın. Qoz şirniyyatını bişirəcəyiniz formanı zəif ocaqda qızdırın. Xəmirdən formalara doldurub iki tərəfli bişirin. Bişən qozların kənarları səliqəyə salın.
Kremi hazırlamaq üçün su hamamında şokoladı əridin. Qoz ləpəsini qovurun və xırdalayın. Soyuyan şokoladı bişmiş qatılaşdırılmış südlə qarışdırın. Bir qabda kərə yağını mikserin maksimal sürətiylə yaxşıca çırpın. Mikserin sürətini azaldıb şokoladlı, bişmiş qatılaşdırılmış südlü kütləni az-az kərə yağına əlavə edərək çırpın. Ən sonda qozu da əlavə edib qarışdırın.
Bişirdiyiniz qozları içliklə doldurub 1 gecəlik soyuducuya yerləşdirin. Bu reseptlə hazırlanan qoz şirniyyatı 2 gün xırçıltılı olur.
Nuş Olsun!