“Şaxta baba papağı” salatı Yeni il menyusu üçün əla seçimdir. Evdar.az görünüşüylə uşaqları daha sevindirəcək salatın reseptini təqdim edir.
Tərkibi:
- 2 ədəd kartof
- 4 ədəd duzlu xiyar
- 4 ədəd yumurta
- 250 qr toyuq filesi
- 2 ədəd bolqar bibəri
- 1/2 ədəd soğan
- 100 qr mayonez
- zövqə görə duz
Hazırlanma qaydası:
İlk öncə kartofu və yumurtanı suda bişirin. Toyuq filesini duzlu suda bişirin. Bişib soyuyan kartofunu qabığını soyub orta ölçülü kub formasında doğrayın. Yumurtaların da qabığını soyub yarısını kub formasında doğrayın, yarısını da salatın bəzəmək üçün saxlayın. Duzlu xiyarı da kub formasında doğrayın. Bişib soyuyan toyuq filesini də kiçik doğrayın. Soğanın yarısını nazik doğrayın. Bir qabda doğranmış yumurta, kartof, toyuq filesi, duzlu xiyar, soğan, duz və mayonez töküb qarışdırın. Hazırladığınız salatı bir boşqaba hündür yarımkürə formasında qoyun.
Bolqar bibəri əvvəlcədən folqaya büküb sobada yarım saat bişirin. Daha sonra folqanı çıxarıb isti bibəri bir konteynerə qoyub 10 dəqiqə qapağı bağlı şəkildə saxlayın. Sonra bibərin üzərindəki nazik qabığını ehtiyyatla soyun. Bibəri zolaqlar formasında doğrayın. Salatın bütün səthini bibər zolaqları ilə dairəvi formada örtün. Kənara ayırdığınız bişmiş yumurtanın ağını sarısından ayırın. Bir yumurta sarıısına bir az mayonez əlavə edib qarışdırın. Yuvarlayıb top forma forması verin. Yumurta ağını sürtgəcin xırda gözündən keçirin. Yuvarladığınız topu yumurta ağına bulayıb salatın orta hissəsinə yerləşdirin. Salatın dairəvi kənarlarına sürtgəcdən keçirilmiş yumurta ağı səpin.
Nuş Olsun!