Yayda Mayonezli Salatlar Niye Tehlukelidir1
Faydalı Faydalı Məsləhətlər Maraqlı Xəbərlər Qida Məhsullarının Faydaları Sağlamlıq Haqqında

Yayda Mayonezli Salatlar Niyə Təhlükəlidir?

Mayonez məşhur “Paytaxt“, “Şuba“, “Mimoza” və bir çox ləziz salatların əsas tərkib hissələrindən biridir. Bitki yağı, yumurta sarısı, xardal və sirkədən hazırlanan mayonez həm sənaye üsulu ilə istehsal olunur, həm də ev şəraitində asanlıqla hazırlanır.

İlin bütün fəsillərində hazırlanan mayonezli salatlar yay aylarında qida zəhərlənməsi riski ilə daha çox müzakirə olunur. Bəs buna səbəb mayonezin özüdür, yoxsa salatın hazırlanma qaydası və saxlanılma şəraitidir? İsti havalarda mayonezli salatlar niyə daha təhlükəli hesab olunur? Evdar.az mütəxəssislərin tövsiyələrinə əsaslanaraq mayonezli salatların sağlamlıq üçün yarada biləcəyi riskləri və bu risklərdən qorunma yollarını təqdim edir.

Yayda Mayonezli Salatlar Niyə Təhlükəlidir?

Salatın saxlanma müddəti onun tərkibində istifadə olunan məhsullardan asılıdır. Təzə tərəvəzlər zaman keçdikcə təravətini itirir, ət, toyuq, balıq və dəniz məhsulları isə düzgün saxlanılmadıqda bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır.

Mayonez təzə tərəvəz, ət, toyuq və dəniz məhsulları ilə hazırlanan salatlarda inqrediyentləri bir-birinə bağlayaraq onlara özünəməxsus qaymaqlı tekstura və zəngin dad bəxş edir. Lakin mayonez bu məhsullarla qarışdırıldıqdan sonra salatın isti havada uzun müddət saxladıqda qida zəhərlənməsi riskini əhəmiyyətli dərəcədə artırır.

Mayonezli Salatların Soyuducuda Saxlama Müddəti

Mayonezli salatların düzgün saxlanılması həm onların dadını və keyfiyyətini qorumaq, həm də qida zəhərlənməsi riskini azaltmaq üçün olduqca vacibdir. Bu cür salatlar hazırlandıqdan dərhal sonra soyuducuya yerləşdirilməli və 2–6°C temperaturda saxlanılmalıdır. Xüsusilə yay aylarında mayonezli salatların otaq temperaturunda uzun müddət qalması bakteriyaların sürətlə çoxalmasına və sağlamlıq üçün təhlükə yaranmasına səbəb ola bilər.

Qida təhlükəsizliyi ilə bağlı tövsiyələrə əsasən, salatların saxlanma müddəti onların tərkibindən və sous əlavə edilib-edilməməsindən asılı olaraq dəyişir.

  • Çiy tərəvəz və meyvələrdən hazırlanan salatlar 18 saata qədər saxlanıla bilər. Mayonez və ya digər sous əlavə edildikdən sonra isə bu müddət 12 saata enir.
  • Bişmiş tərəvəzlərdən hazırlanan salatlar sous əlavə olunmadıqda 18 saat, sous əlavə edildikdən sonra isə 12 saat saxlanıla bilər.
  • Ət, toyuq və ya hisə verilmiş ət istifadə olunan salatlar üçün də eyni qayda keçərlidir: mayonezsiz 18 saat, mayonez əlavə edildikdən sonra isə 12 saat.
  • Tərkibində konservləşdirilmiş tərəvəz və ya qaynadılmış yumurta olan salatlar mayonez və ya digər sous əlavə edildikdən sonra 6 saatdan çox saxlanılmamalıdır.
  • Dəniz məhsulları ilə hazırlanan salatlar sous əlavə edilmədiyi halda 12 saata qədər saxlanıla bilər. Mayonez əlavə olunduqda isə onları mümkün qədər qısa müddətdə istehlak etmək tövsiyə olunur.

Mayonezli Salatın Xarab Olduğunu Göstərən Əlamətlər

Mayonez salatlara zəngin dad və qaymaqlı tekstura versə də, düzgün saxlanılmadıqda qısa müddətdə xarab ola bilər. Aşağıdakı əlamətlər salatın artıq istehlak üçün təhlükəli ola biləcəyini göstərir:

  • Qoxu və dad. Salatdan turş, kəskin və ya xoşagəlməz qoxu gəlirsə, bu onun xarab olmasına işarədir. Dadında da qeyri-adi dəyişiklik hiss olunarsa, salatı yemək olmaz!
  • Rəng dəyişikliyi. Mayonez normalda ağ və ya açıq krem rəngində olur. Sarı, boz və ya yaşıl çalarların dəyişikliyi məhsulun xarab olduğunun əlamətidir.
  • Konsistensiyanın dəyişməsi. Salatın sulu olması, qabın dibində maye toplanması və ya mayonezin kəsilmiş görünməsi düzgün saxlanılmadığını və keyfiyyətinin pisləşdiyini göstərə bilər.
  • Kif izləri. Salatın üzərində kif, yaşıl, qara və ya digər rəngli ləkələrin əmələ gəlməsi onun artıq istehlak üçün yararsız olduğunu göstərir. Belə salat heç bir halda yeyilməməlidir!

Onu da qeyd edək ki, ev şəraitində hazırlanmış mayonezdə çiy yumurta istifadə olunursa, risk daha yüksək ola bilər.

Unutmayın ki, mayonezli salat xarab olmağa başladıqda hər zaman görünən və ya hiss olunan dəyişikliklər olmaya bilər. Xüsusilə yay aylarında salat uzun müddət otaq temperaturunda qalıbsa, görünüşü normal olsa belə, onu istehlak etmək sağlamlıq üçün risk yarada bilər.

Mayonezli salatların təhlükəsiz istifadəsi üçün tövsiyyələr

Mayonezli salatların təhlükəsizliyi yalnız onların hazırlanmasından deyil, həm də düzgün saxlanılmasından asılıdır. Aşağıdakı qaydalara əməl etməklə qida zəhərlənməsi riskini minimuma endirmək mümkündür:

  • Salatı hazırladıqdan dərhal sonra soyuducuya yerləşdirin.
  • Təmiz qab və mətbəx alətlərindən istifadə edin. Salat hazırlayarkən bıçaq, doğrama taxtası və qabların təmiz və quru olması bakteriyaların qidaya keçmə riskini azaldır.
  • Salatı istifadə edəcəyiniz qədər hazırlayın. Böyük miqdarda hazırlanan salatlar uzun müddət saxlanıldıqda xarab olma ehtimalı artır.
  • Süfrədə uzun müddət saxlamayın. Yay aylarında mayonezli salatları 2 saatdan artıq otaq temperaturunda saxlamaq məsləhət görülmür.
  • Şübhə yarandıqda salatı istehlak etməyin. Salatın qoxusunda, dadında, rəngində və ya konsistensiyasında dəyişiklik hiss edirsinizsə, onu yeməyin!
  • İnqrediyentləri ayrıca saxlayın. Xüsusilə çox miqdarda salat hazırlayacaqsınızsa, doğranmış inqrediyentləri mayonezlə əvvəlcədən qarışdırmayın. Mayonezi salata süfrəyə verməzdən əvvəl əlavə edin.
  • Təzə və keyfiyyətli məhsullardan istifadə edin. Salat hazırlayarkən yalnız təzə inqrediyentlər seçin, məhsulların son istifadə tarixini mütləq yoxlayın. İstifadə müddəti bitmiş və ya xarab olma əlamətləri göstərən məhsullardan hazırlanan salatlar sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Bu sadə qaydalara əməl etməklə həm mayonezli salatların dadını və keyfiyyətini qorumaq, həm də yay aylarında qida zəhərlənməsi riskini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

Qida Zəhərlənməsinin Əlamətləri

Mayonezli salatlar isti havada otaq temperaturunda uzun müddət qaldıqda bakteriyalar sürətlə çoxalmağa başlayır. Xarab olmuş salatın istehlakı ürəkbulanma, qusma, ishal, qarın ağrısı və qızdırma kimi əlamətlərlə müşayiət olunan qida zəhərlənməsinə səbəb olur. Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və immun sistemi zəif olan şəxslərdə qida zəhərlənməsi daha ağır keçə və tibbi müdaxilə tələb edə bilər. Bu hallarda mütləq həkimə müraciət edin!

Əlavə qeyd:

Bir çox insan mayonezin tez xarab olduğunu və qida zəhərlənməsinə səbəb olduğunu düşünsə də, əslində sənaye üsulu ilə istehsal olunan mayonezin özü müəyyən qədər qoruyucu xüsusiyyətə malikdir. Tərkibindəki sirkə və ya limon turşusu sayəsində onun turşuluq səviyyəsi (təxminən pH 3,6–4,0) bir çox bakteriyanın çoxalmasını çətinləşdirir.

Əsas risk mayonezin özündən deyil, onun bişmiş yumurta, toyuq, ət, balıq və digər tez xarab olan məhsullarla qarışdırıldıqdan sonra isti havada uzun müddət otaq temperaturunda saxlanılmasından yaranır. Belə şəraitdə bakteriyalar sürətlə çoxala bilər və bu da qida zəhərlənməsi riskini artırır.

İsti havalarda daha yüngül seçim etmək istəyirsinizsə, Evdar.az saytında dərc olunan mayonezsiz salat reseptlərinə nəzər salın. Həm ləzzətli, həm də yay süfrələri üçün ideal olan bu salatlar sağlam qidalanmaq istəyənlər üçün əla alternativdir.

Sağlamlığınızın qeydinə qalın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir