Balqabaq, C və E vitaminləri və beta karotin baxımından zəngindir. Bunlar sayəsində dəriyə faydalıdır və yaraların tez sağalmasına kömək edir. O, həmçinin həzmdə beta karoteni A vitamininə çevirərək immunitet sistemini dəstəkləyir. Keçmişdə desertlə məhdudlaşdırdığımız bu ləzzət yavaş-yavaş dadlı balqabaq reseptləri ilə süfrəmizin qonağı olur. Evdar.az həm görünüşü, həm dadı ilə süfrələrinizə rəng qatacaq balqabaq reseptlərini təqdim edir.
Balqabaq Şorbası
Soyuq havalarda sağlamlığınız üçün faydalı şorbalar yeyilməlidir. Balqabaq və çili bibəriylə hazırlanan şorba isinmək üçün əla reseptdir. Evdar.az acı dadı sevənlər üçün dadlı və faydalı balqabaq şorbasının reseptini təqdim edir.
Tərkibi:
- 500 qr balqabaq
- 2 ədəd kartof
- 1 ədəd soğan
- 2 diş sarımsaq
- 1 ədəd qırmızı çili bibəri
- 200 qr pomidor şirəsi
- 100 ml qaymaq (20 % və ya çox )
- 3 xörək qaşığı zeytun yağı
- zövqə görə üyüdülmüş muskat qozu
- duz, istiot
- üzəri üçün göyərti
Hazırlanma qaydası:
İlk öncə balqabağı yuyun, qabığını soyun və kub şəklində doğrayın. Kartofları da kub şəklində doğrayın. Soğanı da həmçinin eyni qaydada qabığını soyub kub şəklində doğrayın. Sarımsaqları və bibərləri xırda doğrayın. Tavada doğranmış soğan, sarımsaq və bibəri təxminən 3-5 dəqiqə zeytun yağında qovurun. Başqa bir qazanda suyu qaynadın. Qaynayan suya doğranmış balqabaq və kartofu tökün (su tərəvəzləri 1 sm örtməlidir). Orta odda 15 dəqiqə qaynadın. Qovurduğunuz soğan qarışığını qaynayan tərəvəzlərin üzərinə əlavə edin. Duz, istiot və bıçağın ucunda muskat qozunun tozunu əlavə edib daha 15 dəqiqə qaynadın. Qazanı ocaqdan götürün və süzün. Bişən tərəvəzləri blenderdə əzin. Tərəvəz püresini qazana tökün və süzdüyünüz tərəvəz bulyonunu da əlavə edib qarışdırın (və ya elə qazanda tərəvəzləri blenderdən keçirə bilərsiniz.) Şorbaya pomidor şirəsi və qaymaq əlavə edib qarışdırın. Orta odda daha 5 dəqiqə qaynadın və kasaya töküb süfrəyə verə bilərsiniz.
Balqabaqlı Pankeyk
Faydalı balqabaqdan dadlı pankeyk (pancake) hazırlaya bilərsiniz. Evdar.az asan hazırlanan, dadlı və faydalı balqabaqlı pankeyk reseptini təqdim edir.
Tərkibi:
- 125 qr buğda unu
- 1 xörək qaşığı qabartma tozu
- ½ çay qaşığı darçın
- 1 çay qaşığı muskat qozu rəndəsi
- bir çimdik duz
- 1 stəkan süd
- 75 qram balqabaq püresi
- 1 ədəd yumurta
- 2 xörək qaşığı bal
- yarım çay qaşığı vanil ekstraktı
- 2 xörək qaşığı ərinmiş kərə yağı və ya kokos yağı.
Hazırlanma qaydası:
Bir qabda un, qabartma tozu, darçın, muskat qozu rəndəsi və duzu qarışdırın. Başqa bir qabda süd, balqabaq püresi, yumurta, bal, vanil ekstraktı və ərinmiş yağı qarışdırın. Eynikütləli cins olana qədər çırpın. Unlu qarışığı da əlavə edib qarışdırın. Ağır bir çuğun tavanı və ya yapışmayan pankeyk tavanı orta və yüksək istilikdə qızdırın. Elektrikli bir tava istifadə edəcəksinizsə, onu 175 dərəcəyə qədər qızdırın. Lazım gələrsə səthi azca yağlayın (yapışmayan tavanın səthini yağlamaya bilərsiniz). Qızdırılmış tavaya 2 xörək qaşığı xəmirdən töküb 2 tərəfli bişirin. Xəmir bitənə qədər bu prosesi təkrarlayın, lazım olduqda tavanı yağlayın. Pankeykləri isti halda bal ilə süfrəyə verə bilərsiniz. Və ya isti tutmaq üçün çay dəsmalı ilə üzərini örtə bilərsiniz.
Balqabaqlı Toyuq Yeməyi
Sobada bişən toyuq və balqabağın necə dadlı olduğunu bilirsinizmi? Evdar.az dadlı balqabaqlı toyuq yeməyinin reseptini təqdim edir.
Tərkibi:
- 1 kq toyuq əti (budu və ya bud dibi)
- 800 qr balqabaq
- 2 diş sarımsaq
- 1 xörək qaşığı xardal
- 50 qr kərə yağı
- 2 xörək qaşığı bitki yağı
- zövqə görə göyərti, duz, istiot
Hazırlanma qaydası:
Toyuq budlarını mətbəx kağızıyla qurulayın. Duz, istiot və xardal vurub 30 dəqiqəlik otaq temperaturunda marinə edin. Balqabağın qalın qabığını soyun və kub formasında doğrayın. Yağlı kağız və ya folqa kağızı sərilmiş soba sinisinə doğranmış balqabaqları bir qat düzün. Üzərinə duz, istiot və əridilmiş kərə yağı (20-30 qr) tökün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Tavada bitki yağını və kərə yağını qızdırın. Marinə edilmiş toyuq budlarını tavada yaxşıca qızardın. Bişmiş toyuq budlarını bişmiş balqabaqların üzərinə düzün və doğranmış sarımsaq əlavə edin. Yenidən 25-30 dəqiqəlik sobaya yerləşdirin. Süfrəyə verdikdə zövqə görə üstünə doğranmış göyərti səpə bilərsiniz.
Səhər yeməyi üçün faydalı və dadlı sıyıq. Evdar.az balqabaqlı südlü düyü sıyığının reseptini təqdim edir.
Tərkibi:
- 400 qr balqabaq
- 400 ml su
- 2 litr süd
- 1,5 stəkan yumru düyü
- 6 xörək qaşığı şəkər tozu
- 50 qr kərə yağı
- zövqə görə duz, darçın tozu
Hazırlanma qaydası:
Balqabağın qabığını soyub doğrayın. Qazana su doldurub qaynadın,üzərinə balqabağı töküb yumşalana qədər bişirin. Yumşalmış balqabağı elə qazandaca blenderlə püre halına gələnədək əzin. Balqabaq pürsinin üzərinə süd əlavə edib qaynamağa qoyun. Düyünü yuyun və qaynayan südə əlavə edin. Zövqə görə duz əlavə edib zəif ocaqda düyüsü bişənə qədər 45-50 dəqiqə bişirin. Bişən sıyığa şəkər tozu və kərə yağı əlavə edib qarışdırın. 5 dəqiqə bişirib ocağı söndürün. Ocaqdan götürdüyünüz qazanı isti bir parçaya büküb 1 saat kənarda saxlayın. Bişmiş düyü sıyığını boşqaba töküb üzərinə darçın tozu səpib süfrəyə verin.
Sobada Balqabaqda Plov
Balqabaqdan dadından doymayacağınız və gözəl görünüşlü plov hazırlaya bilərsiniz. Evdar.az sobada balqabaqlı plovun reseptini təqdim edir.
Tərkibi:
- orta ölçülü balqabaq
- 2 stəkan düyü
- 2-3 ədəd soğan
- 500 qr ət (istədiyiniz ət növü)
- 1 ovuc şabalıd
- ərik qurusu, üzüm qurusu, alça qurusu
- 3-4 xörək qaşığı kərə yağı
- 1 çay qaşığı duz
- 2-3 çay qaşığı şəkər tozu
Hazırlanma qaydası:
Düyünü bildiyimiz qaydada suda bişirib süzün. Balqabağın üst hissəsini qapaq formasında kəsib iç hissəsini təmizləyib boşaldın. Soğanı doğrayıb yağda qovurun. Üzərinə əvvəlcədən bişirilmiş ət tikələrini əlavə edib qarışdırın. Bişmiş şabalıdı, ərik qurusunu, üzüm qurusunu, alça qurusunu əlavə edin. İçi təmizlənmiş balqabağın içərisinə bir qaşıq duz səpin. 2-3 qaşıq şəkər tozu və 2-3 qaşıq kərə yağını hər tərəfinə səpin. Bişib süzülmüş düyüdən iki kəfkir qaşıqla töküb üzərinə içlikdən səpin. Ən son balqabaq dolana qədər düyünü tökün. Balqabağın qapağını örtüb hər tərəfinə folqa kağızı bükün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 1,5 saat bişirin. Folqa kağızını çıxarıb açıq halda 15 dəqiqə bişirin. Süfrəyə verdiyiniz balqabaqlı plovu kənarlarından kəsərək açın və boşqablara çəkin.
Balqabaq Formalı Bulka
Görünüşü balqabağa bənzəyən, yumşaq və dadlı bulka bişirərək uşaqlarınızı sevindirə bilərsiniz. Evdar.az balqabaqlı bulka reseptini təqdim edir.
Tərkibi:
- 300 qr balqabaq püresi
- 200 ml su
- 125 qr kərə yağı
- 1 stəkan şəkər tozu
- 1 ədəd yumurta
- 1 xörək qaşığı quru maya
- 1 çay qaşığı duz
- 0,5 çay qaşığı sürtgəcdən keçirilmiş hind qozu
- apardığı qədər un(təxminən 700-800 qr)
Hazırlanma qaydası:
Balqabağın qabığını soyub xırda doğrayın. Xırda doğranmış balqabaqların üzərinə su töküb 15 dəqiqə bişirin. Daha sonra bişmiş balqabaqları süzün və çəngəllə əzin. Bir qabda ilıq suda mayanı həll edib kənara qoyun. Başqa bir qabda balqabaq püresinin üzərinə otaq temperaturunda yumşaldılmış kərə yağı, şəkər tozu, yumurta, sürtgəcdən keçirilmiş hind qozu və duz əlavə edib yaxşıca qarışdırın. Üzərinə ilıq suda həll olunmuş mayalı suyu və unu hissə-hissə əlavə edib ələ yapışmayan xəmir yoğurun. Üzərini örtüb 1-1,5 saat mayalanması üçün kənara qoyun. Mayalanan xəmirdən orta ölçüdə kündələr yuvarlayın. Kündələrə bir iplə balqabaq forması verin (ipi unlayın).Balqabaq formalı bulkaları yağlı kağız sərilmiş soba sinisinə düzün. Üzərinə yaxmaq üçün yumurta sarısına 1 xörək qaşığı süd əlavə edib qarışdırın. Balqabaqların üzərinə yumurta sarısı yaxıb orta hissəsinə balqabaq tumu və ya badam ləpəsi batırıb 15 dəqiqə kənarda saxlayın. Daha sonra əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Bişdikdən sonra ipləri kəsib götürün.
Balqabaq Mantısı
Şirin balqabaq mövsümündə sevdiklərinizi dadlı balqabaq mantısı ilə sevindirmək fürsətini qaçırmayın. Üstəlik, buxarda hazırlanmış balqabaq çox faydalıdır. Zövqə görə içliyə quyruq yağı əlavə edilə bilər, onda yeməyi daha da doyurucu edir. Evdar.az balqabaqlı mantının reseptini təqdim edir.
Tərkibi:
Xəmir üçün:
- 500 qr un
- 1 ədəd yumurta
- 250 ml isti su
- yarım çay qaşığı duz
- 2 xörək qaşığı bitki yağı
İçlik üçün:
- 800 qr balqabaq ləti
- 300 qr soğan
- 150 qr quyruq yağı
- zövqə görə duz, istiot
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün dərin bir qaba unu ələyin və orta hissəsində boşluq açın. Başqa bir qabda yumurta və duzu çəngəllə çırpın. Üzərinə ilıq su və 1 xörək qaşığı bitki yağı əlavə edib yaxşıca qarışdırın. Hazırladığınız qarışığı unun orta hissəsinə töküb əvvəlcə çəngəllə, daha sonra əllə qarışdıraraq xəmir yoğurun. Xəmiri 5-7 dəqiqə yoğurub, yüngül yağlayıb qaba qoyun. Üzərinə streç salafan sərib 30-40 dəqiqəlik otaq temperaturunda saxlayın.
İçliyi hazırlamaq üçün balqabaq lətini kiçik kub formasında doğrayın. Soğanı da xırda kub formasında doğrayıb balqabağa əlavə edin. Quyruq yağını da kiçik doğrayıb tərəvəzlərə əlavə edin. Yağlı quyruq yağı əvəzinə bitki yağı istifadə edə bilərsiniz – içliyə 2 xörək qaşığı əlavə edin. Duz, istiot və pul bibər əlavə edib qarışdırın.
Dincələn xəmiri 3-4 hissəyə bölün və hər birini 1-2 millimetr qalınlığında nazik yuxalar yayın. Yuxanı təxminən 10-12 santimetr olan kvadratlara kəsin, içliyi qoyub, birləşdirin, küncləri diaqonal olaraq düzəldin və kənarları mərkəzə yapışdırın. Nəlbəki üzərinə bir az bitki yağı tökün. Hər bir mantının alt hissəsini yağa batırıb mantı qazanına yerləşdirin. Bu qaydayla xəmirləri içliklə doldurub qazana düzüb 30 dəqiqə bişirin. Zövqə görə qaymaq, xama və ya qatıq ilə süfrəyə verin.
Sobada Bişmiş Balqabaq Deserti
Təbiətin rəngi sarıya çevrildikcə balqabaq mövsümü açıldı. Şorbalardan şirniyyatlara, içkilərdən bəzəklərə qədər bir çox formada gələn balqabaq lif baxımından olduqca zəngin bir qidadır. Evdar.az mükəmməl bir qış ləzzəti olan balqabağın ən gözəl və klassik forması olan bişmiş balqabaq desertinin reseptini təqdim edir.
Sobada Bişmiş Balqabaq Desertinin tərkibi:
- 1 kq qabığı soyulmuş, uzun dilimlənmiş balqabaq
- 1,5 stəkan şəkər tozu
Üzəri üçün:
- 1 stəkan tahin pastası (küncüt pastası)
- 2 stəkan iri doğranmış fındıq ləpəsi
Sobada Bişmiş Balqabaq Desertinin hazırlanma qaydası:
İlk öncə bir balqabağın qabığı soyub uzun dilim formasında doğrayın. Geniş bir qaba balqabaq dilimlərini düzüb üzərinə şəkər tozu əlavə edin. Qabın üzərini streç salafanla örtüb ən az üç saat və ya bir gecə saxlayın. Şəkərli balqabaqları soba sinisinə yerləşdirib əvvəlcədən 175 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Balqabaqları çevirib daha 20 dəqiqə bişirin. Bişən balqabaqları sobadan götürüb otaq temperaturunda soyudun. Üzərinə tahin və iri doğranmış fındıq ləpəsi səpib süfrəyə verə bilərsiniz. Bişmiş balqabaq desertini zövqə görə qoz ləpəsi, badam ləpəsiylə bəzəyib dondurma ilə süfrəyə verə bilərsiniz.
Vacib qeyd:
Balqabağı mütləq ən azı 1 gecə əvvəl şəkər tozuyla eyni qazanda saxlamalısınız. Bişirərkən su əlavə etməyin, çünki balqabaq öz şirəsini buraxacaq.
Balqabaqlı Mərmər Keks
Balqabaq mövsümündə balqabaqdan keks bişirə bilərsiniz. İnanılmaz dərəcədə zərif, ağızda əriyən balqabaqlı mərmər keksin xarakterik balqabaq dadı və qoxusu yoxdur. Belə bir keks hər hansı bir çay süfrəsinin sevimlisinə çevriləcəkdir. Evdar.az balqabaqlı mərmər keksin reseptini təqdim edir.
Tərkibi:
Balqabaqlı qat üçün:
- 2 ədəd yumurta
- 150 qr şəkər tozu
- 10 qr vanil
- 100 ml bitki yağı
- 300 qr balqabaq püresi
- 2 xörək qaşığı limon qabığı rəndəsi
- 250 qr un
- 10 qr qabartma tozu
- bir çimdik duz
Şokoladlı qat üçün:
- 2 ədəd yumurta
- 150 qr şəkər tozu
- 10 qram vanil
- 100 ml bitki yağı
- 250 ml kefir
- 200 qr un
- 50 qr kakao
- 10 qr qabartma tozu
Hazırlanma qaydası:
Balqabaqlı xəmiri hazırlamaq üçün bir qabda yumurta, şəkər tozu və vanili yaxşıca çırpın. Bitki yağı, limon qabığı, balqabaq püresi əlavə edib qarışdırın. Qeyd: balqabağı sürtgəcdən keçirib, blenderlə pürə halına gətirin. Balqabaqlı kütlənin üzərinə un və qabartma tozu əlavə edib yaxşıca qarışıdrın.
Şokoladlı xəmiri hazırlamaq üçün bir qabda yumurta, şəkər tozu və vanili yaxşıca çırpın. Üzərinə bitki yağı və kefir əlavə edib qarışdırın. Bir qabda una kakao, qabartma tozu əlavə edib qarışdırın. Kefir kütləsini quru qarışıqla birləşdirib yaxşıca qarışdırın. Diamteri 22 sm olan kənarları açılan formanı kərə yağıyla yağlayıb unlayın. Balqabaqlı və şokoladlı xəmirdən qaşıq-qaşıq üst-üstə töküb formanı doldurun. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 1 saat 30 dəqiqəlik bişirin. Keksin bişməyini uzun çöp şişlə yoxlaya bilərsiniz. Bişən keksi soyudun və üzərini zövqə görə qlazur yaxıb və ya şəkər kirşanı səpə bilərsiniz.
Sadə məhsullardan hazırlanan ləzzətli və faydalı balqabaq marmeladı. Soyuq fəsildə şirniyyat əvəzinə, faydalı marmelad hazırlaya bilərsiniz. Evdar.az sadə məhsullarla hazırlanan və çox vaxt aparmayan marmeladın reseptini təqdim edir.
Tərkibi:
- 500 qr soyulmuş balqabaq
- 1 ədəd portağal (təxminən 250 qr )
- 1 stəkan (250 qr şəkər tozu)
- 40 qr jelatin
Hazırlanma qaydası:
İlk öncə balqabağın qabığını soyun. Portağalın şirəsini sıxın və qabığını kənarda saxlsayın. Bir qabda portağal qabığı, soyulmuş balqabaq, şəkər tozu və portağal şirəsini töküb orta ocaqda 15 dəqiqə balqabaq yumşalanadək bişirin. Daha sonra portağal qabığını çıxarın. Ocaqdan götürün və üzərinə jelatin əlavə edin. Kütləni birbaşa qabda blenderlə əzin və yaranan köpüyü götürün. Streç salafan sərilmiş dördbucaqlı formaya kütləni tökün və soyuducuya yerləşdirin. Tamamilə bərkiməsini gözləyin. Bərkiyən marmeladın üzərinə şəkər tozu səpin və dəzgahın üstünə çevirin. Streç salafanı çıxarıb kiçik hissələrə kəsin. Bu desertin zəngin bir balqabaq və portağal şirəsi ləzzəti, bir az turş dadı və parlaq bir qoxusu var.
Bol Vitaminli Balqabaq Şorbası
Balqabaq, payız və qış mövsümünün əvəzolunmaz tərəvəzlərindən biridir. Adi şorba reseptlərindən yorulanlar üçün unikal bir reseptdir. Evdar.az bol vitaminli balqabaq şorbasının reseptini təqdim edir.
Tərkibi:
- 600 qr dilimlənmiş balqabaq
- 3 diş sarımsaq
- 1 ədəd soğan
- 2 xörək qaşığı kərə yağı
- 1 ədəd kartof
- 6 stəkan toyuq bulyonu
- 1 xörək qaşığı təzə doğranmış kəklikotu
- 1 ədəd anis ulduzu
- ½ çay qaşığı muskat qozu rəndəsi
- 1 çay qaşığı duz
- ½ çay qaşığı istiot
- 4 xörək qaşığı qaymaq
Süfrəyə vermək üçün:
- 1 çay qaşığı qaymaq
- təzə kəklikotu
Hazırlanma qaydası:
İlk öncə balqabağın qabığını soyun. Tumlarını çıxarıb dilimləyin. Kartofları da kub şəklində doğrayın. Tavada kərə yağında xırda doğranmış soğanları və doğranmış sarımsaqları 2-3 dəqiqə qovurun. Üzərinə doğranmış kartofları və balqabaqları da əlavə edib daha 3-4 dəqiqə qovurun. 6 stəkan toyuq bulyonunu da əlavə edin. Kəkliokotu, anis ulduzu, rəndələnmiş muskat qozu, duz və istiotu da töküb orta ocaqda 25 dəqiqə bişirin.Tərəvəzlər yumşaldıqda anis ulduzunu kəfgir köməyi ilə şorbadan götürün. Şorbanı blenderdən yaxşıca keçirin. Şorbaya 4 xörək qaşığı qaymaq əlavə edib qarışdırın və bir burum qaynadın. Ocaqdan götürüb kasaya tökün. Üzərinə qaymaq və kəklikotu töküb süfrəyə verin