Azərbaycan Mətbəxinin Unudulmuş “Səngək” Çörəyi

Yields: 1 Serving

Çörək insan qidasının ən mühüm, ən vacib hissəsidir. Təbii ki, bu gün Azərbaycanda çörək bişirmək ənənəsi milli mədəniyyətin mühüm tərkib hissəsi olaraq qalır. Hər bölgədə müxtəlif çörək növləri məşhurdur. Çeşiddə lavaş, fətir, xamralı, xərəy, zeyrən, səngək, təndir, badam və ya qoz çörəyi kimi onlarla növ var. Bolluq və bərəkət rəmzi sayılan çörəyin hər bölgənin özünəməxsus növü və bişirilmə üsulu var.

Bakı, Gəncə, Naxçıvan, Şamaxı və digər yerlərdə vaxtilə geniş yayılan çörək növlərindən biri də “Səngək” çörəyidir. Səngək (səngəh) çörəyi xırda-xırda isti çınqıl (daş) üzərində, qırmızı kərpicdən hazırlanan kürələrdə bişirilir.

“Səngək” sözü fars dilindən “xırda daşlar” kimi tərcümə olunur. Bu ad onun hazırlanma üsulundan əmələ gəlib. Uzun və yastı Səngək çörəyi əsasən bozbaş, piti kimi duru, yağlı yeməklər üçün nəzərdə tutulur. Onun əsas üstünlüyü 3-4 gün ərzində təzə qalması və rahat həzm olunmasıdır. Bu səbəbdən də mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə səngək çörəyindən istifadə etmək məsləhət görülür.

Gəncədə vaxtı ilə geniş yayılan Səngək çörək növünə bəzən “Gəncə çörəyi” də deyirlər. Evdar.az səngək çörəyinin reseptini təqdim edir.

Səngək çörəyinin tərkibi:

  • un
  • su
  • duz
  • balatı (təbii maya)

Bu çörək balatı ilə hazırlanır, tərkibinə heç bir kimyəvi maddə qatılmır. Balatı ilıq su ilə qarışdırılır, qarışığa un əlavə edilir və xəmir yoğrulur. Xəmir rəfətədə yayılır və digər çörəklərdən fərqli olaraq üzərinə yumurta yox, su vurulur. Çörəyin üstündə qaz lələkləri ilə işləmələr aparılır. Bəzən çörəyin üzərinə küncüt də səpilir.

Əlavə qeyd:

  • Səngahı xüsusi formalı, yuxarısı tağ şəkilli olan kürələrdə bişirirlər.
  • Kürənin içərisinə tökülmüş iki-üç qoz boyda olan çınqıl dairəvi verilən odla qızdırılır.
  • Səngaha “sarıbuğda” unundan başqasını işlətmək olmaz.
  • Un su dəyirmanından olsa yaxşıdır. Elektrik dəyirmanı unu yandırır, un öz keyfiyyətini itirir.
  • Xəmir səngah üçün çuyuq yoğrulur.
  • Qoz ağacından hazırlanmış kürəyin və ya rəfətənin (çörəyi təndirə yapmaq üçün alət) üstündə xəmir açılır. Xəmir kürəklə kürəyə verilir, bir tərəfdən çınqıla ilişdirilib çəkilir.
  • Kürəyi başqa ağacdan düzəltmək olmaz, yalnız qoz ağacı kürənin istisinə davam gətirə bilir.
  • Uzunluğu 1 metrə qədər olan hazır səngah çörəyi kürədən çıxarıldıqdan sonra, çınqılı tut ağacından hazırlanmış çəkiclə hamarlayırlar. Hazır səngahda da çınqıl daşlarının yeri qalır.
  • Hər 3-4 aydan bir çınqıl qırıntıdan təmizlənir və dəyişdirilir.

Səngək çörəyini ev şəraitində bişirmək istəyənlər sobada çınqılların üzərində də hazırlaya bilər.

Sobada Səngək Çörəyinin tərkibi:

  • 1/2 çay qaşığı aktiv quru maya
  • 2 stəkan un
  • 2 stəkan isti su
  • duz, küncüt
  • kərə yağı

Sobada Səngək Çörəyinin hazırlanma qaydası:

Səngək çörəyinin hazırlanmasında ilk addım xəmiri hazırlamaqdır. Çörəyi hazırlamadan ən azı 24 saat əvvəl xəmiri hazırlamalısınız, çünki mayanın aktivləşməsi üçün xəmir dincəlməlidir. Xəmir kifayət qədər dincəlməzsə, maya aktivləşməyəcək və nəticədə düzgün teksturaya malik olmayan və bəzən hətta yeməyə də yaramayan çörəklə qarşılaşacaqsınız.

Xəmiri hazırlamaq üçün dərin bir qab götürün. Unun 1/3 hissəsini və aktiv quru mayanı qaba əlavə edin. Daha sonra qarışıma 1 stəkan ilıq su (əlavə etdiyiniz su barmaqlarını yandıracaq qədər isti və çox soyuq olmamalıdır. Quru mayanı aktivləşdirmək üçün kifayət qədər isti olmalıdır) əlavə edib qarışdırın. Yaxşıca qarışdırdıqdan sonra qabın üzərini streç salafanla  örtüb 24 saatlıq soyuducuya yerləşdirin.

Soyuducuda 24 saat saxladıqdan sonra xəmiri çıxarın. Qalan unu bir az su və duza əlavə edin və yumşaq bir qarışıq əldə olunana qədər qarışdırın. Bu qarışığı xəmirə əlavə edin və əllərinizlə xəmirin üzərində işləməyə başlayın. Xəmiri nə qədər çox yoğursanız, çörəyin son quruluşu bir o qədər yaxşı olar. Xəmirin lazımi konsistensiyaya çatdığını hiss etdikdən sonra yoğurmağı dayandırın və xəmiri soyuducuda ən azı 2 saat dincəlməyə qoyun.

Səngək çörəyini bişirmək üçün sobanı isidin. Soba sininin içərisinə bir neçə çınqıl (yuyulub qurudulmuş) tökün  və isti sobada kifayət qədər uzun müddət buraxın ki, çınqıllar qızsın.

Xəmiri soyuducudan çıxarın. Bir hissəsini götürün, çörək taxtasına qoyun və əllərinizlə düzəltməyə başlayın. Çörəyin üzərində bəzi izlər buraxmaq üçün barmaqlarınızın ucundan istifadə edin. Xəmir yapışqan olduğu üçün üzərinə işləməzdən əvvəl mütləq yanınızda su qabı qoymalısınız və əvvəlcə əllərinizi islatmalısınız; əks halda barmaqlarınıza yapışacaq. Normalda Səngək çörəyinin xəmiri yapışqan və azca cuyuq olur.

Soba sinisini ehtiyyatla sobadan çıxarın, çünki çınqıllar çox isti olacaq. Fırçadan istifadə edin və çınqılların üzərinə bir az kərə yağı çəkin ki, xəmir çınqıllara yapışmasın və asanlıqla çıxarılsın. Yastılanmış xəmiri diqqətlə çınqılların üzərinə qoyun, xəmirin üzərinə istədiyiniz qədər küncüt səpin və sinini yenidən sobaya qoyun.
Çörəyin kənarları qızılı rəng alana qədər sinini sobada saxlayın, sonra nimçəni sobadan çıxarın və xəmiri tərs çevirin ki, çörəyin digər tərəfi mükəmməl bişsin.

Çörəyinizin səthi qızılı rəng aldıqdan sonra hazırdır. İndi nimçəni sobadan çıxarıb soyumağa buraxa bilərsiniz. Çörək soyuduqdan sonra çınqılları çıxarıb evdə hazırlanmış səngəkdan ləzzət ala bilərsiniz.

Səngək çörəyini səhər yeməyinin bir hissəsi kimi və ya piti, bozbaş kimi yeməklərin yanında süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir