Lahıc Mətbəxindən Beli Bükülən “Varlıların Dolması”

Lahıc Metbexinden Beli Bükülen Varlıların Dolması
Yields: 1 Serving

Azərbaycan mətbəxində xüsusi yeri olan dolma ölkənin hər bölgəsində fərqli üsullarla bişirilir. İsmayıllı rayonun Lahıc kəndində xüsusilə adla deyilən Lahıc dolması tamamilə fərqlidir. Bu dolma digər bütün dolmalardan öz quruluşuna, bükülüşünə görə tamamilə fərqlənir. Belə ki, ət yarpaqlardan daşaraq kənara çıxır, uzunsov olur. Lahıc dolmasının bir fərqli xüsüsiyyəti də odur ki, bişdikdə suyuyla birlikdə boşqaba tökülür. Yəni dolmanı qaşıqla yeyirlər. Büküldükdə isə üzüm yarpağına deyil, heyva, pip (fıstıq) yarpağına bükülür. Bu dolmanı digərlərindən fərqləndirən bir əsas xüsusiyyət də var – yeməkdə istifadə olunan ətin miqdarı çox olduğundan ona xalq arasında bəzən “varlıların dolması” da deyirlər. Evdar.az Lahıcın kəmər kimi beli bükülən dolmanın reseptini təqdim edir.

Lahıc dolmasının tərkibi:

  • qoyun və ya quzu əti
  • düyü (bir az xırdalanmış)
  • soğan
  • sarıkök
  • istiot
  • duz
  • nanə qurusu və ya yaş nanə

Lahıc dolmasının hazırlanma qaydası:

İlk öncə qoyun və ya quzu ətini taxtanın üzərində qiyməkeşlə döyün. Ətə soğan da əlavə edib xırda doğramağa davam edin. Döyülən ət və soğanın üzərinə düyü, sarıkök, istiot, duz və nanə qurusu əlavə edib qarpışdırın. Hazırladığınız ətdən bir ovucluq götürüb, ovucun içərisində yoğurub uzunsov forma verin. Daha sonra ovucunuzla sıxıb kiçik, uzunsov kotlet forması verdiyiniz əti heyva yarpağına və pip yarpağına sarıb səliqə ilə qazana düzün. Yarpaq elə sarılmalıdır ki, ət kənarlarından çıxsın. Dolmaları düzməmişdən əvvəl qazana 1-2 qaşıq su əlavə edin. Dolmaları qazana düzdükdən sonra da üzərinə su və ya ət suyu əlavə edib qazanı ocağa qoyun. Bu dolmanın fərqli xüsüsiyyəti də odur ki, bişdikdə suyuyla birlikdə boşqaba tökülür. Yəni dolmanı qaşıqla yeyirlər. Dolmanın yanına qatıq da yaraşır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir