
Ləziz mətbəxi, müxtəlif təamlarıyla şöhrət qazanan Ordubadın qayğanağı, daş küftəsi,maş lobya şorbası, səngək çörəyi, dəstana çörəyi, bozpörtü yeməyi, qovurması, çöçəsi,heyva dolması və bir çox məşhur nemətləri süfrələrimizin bəzəyidir. Bu diyarın ləziz mətbəx nümunələrindən biri də cevizli (qozlu) Ordubad dürməyidir. Evdar.az Naxçıvan mətbəxinin qədim şirniyyatı olan cevizli ləziz Ordubad dürməyinin reseptini təqdim edir.
Cevizli Ordubad Dürməyinin tərkibi:
Xəmiri üçün:
- 3 stəkan un
- 150 qr əridilmiş kərə yağı
- 200 qr xama
- 1 paket vanil
- yarım çay qaşığı maya
- 2 xörək qaşığı ilıq su
İçlik üçün:
- 1 stəkan şəkər tozu
- 1,5 stəkan qoz ləpəsi
- 1 xörək qaşığı bal
- 2 ədəd yumurta ağı
- yarım çay qaşığı hil
Cevizli Ordubad Dürməyinin hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün ilk öncə kiçik bir qabda mayanın üzərinə ilıq su töküb qarışdırın. Dərin bir qabda əridilmiş kərə yağını xama ilə qarışdırın. Üzərinə maya qarışığını və unu əlavə edib xəmir yoğurun. Xəmirin üzərini streç salafanla örtüb 1 saatlıq isti yerdə mayalandırın.
İçliyi hazırlamaq üçün ceviz (qoz) ləpəsini tavada və ya sobada yüngül qovurun. Həvəngdəstə ilə və ya mətbəx robotuyla qovrulmuş ləpəni xırdalayın. Bir qabda xırdalanmış qoz ləpəsi, şəkər tozu, bal, hil və yumurta ağı (böyük ölçüdə olarsa 1 ədəd yumurta ağı, kiçik olarsa 2 ədəd) əlavə edib qarışdırın.
Mayalanmış xəmiri 3 bərabər hissəyə bölün. Kündələrin üzərini örtüb 15 dəqiqə kənarda saxlayın. Xəmirin birini 3,5 ml qalınlığında duzbucaqlı şəkildə dəzgahın üzərinə yayın. Yayılmış xəmirin üzərinə içlikdən qoyub hamarlayın. Xəmiri rulet formasında bükün və soba sinisinə yerləşdirin. Üzərinə yumurta sarısı yaxın və çəngəllə naxışlar çəkin. Bu qaydayla digər xəmirləri də hazırlayıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin.
Naxçıvan mətbəxinin ən ləziz təamları Ən Dadlı Kulinariya Saytında!
Nuş OLsun!