
Ramazan ayının 4-cü gününə iftar süfrəsinə dadlı yeməklər hazırlaya bilərsiniz. Evdar.az İftar menyusunu təqdim edir.
Nardança Plov
Nardança Plovun tərkibi:
- 1 kq düyü
- 500 qr-lıq cücə
- 100 qr nar dənəsi
- 100 qr şabalıd
- 1/2 çay qaşığı duz
- 2 çimdik istiot
- qatı nar şərabı
- qurudulmuş nar dənələri (nardənək)
Qazmaq üçün:
- 2 ədəd yumurta
- 2 xörək qaşığı kərə yağı
- 2 xörək qaşığı un
- 40 qr xama (qatıq)
- 1 çimik duz
- bir az qaynadılmış düyü
- sarıkök
Nardança Plovun hazırlanma qaydası:
İlk öncə düyünü duzlu suda yarıbişmiş olana qədər qaynadın və süzün.
Qazmağı hazırlamaq üçün bir qabda un, qatıq və yumurtanı qarışdırın. Üzərinə bir az qaynadılmış düyü, bir çimdik duz və sarıkök əlavə edib qarışdırın. Qızdırılmış qazana yağ töküb isidin. Hazırladığınız qazmağı qazanın dibinə yayın. Qazmağın üzərinə qurudulmuş nar dənələri səpin. Yarıya bölünmüş cücəni duz və istiotla ovuşdurun. Cücəni qazmağın üzərinə düzün. Ətlərin üzərinə 1 xörək qaşığı narşərab yaxın. Təmizlənmiş, bişmiş şabalıdları da səpin. Daha sonra bişib süzülmüş düyünü qazana əlavə edin. Dəmlənmiş zəfəran da gəzdirməyi unutmayın- bu plova gözəl qızılı rəng verəcəkdir. Qazanın qapağını təmiz mətbəx dəsmalıyla və ya folqa kağızıyla örtüb dəmə qoyun.
Kor Dolma
Kor dolmanın tərkibi:
- 55 qr (3 xörək qaşığı) düyü
- 55 qr (3 xörə k qaşığı) yarma
- 55 qr (3 xörək qaşığı) mərcimək
- 20 qr keşniş
- 25 qr kərə yağı
- duz, istiot
- üzüm yarpağı
Kor dolmanın hazırlanma qaydası:
İlk öncə yarma, düyü və mərciməyi yaxşıca yuyub suyunu süzün. Keşnişi də yaxşıca yuyub süzün və xırda doğrayın. Dərin bir qaba yuyulmuş yarma, mərcimək,düyü,doğranmış keşniş,duz və istiot əlavə edib qarışdırın. Hazırlanmış içliyis açılmış üzüm yarpağına bükün. Bu içliyi əvəlik yarpağı və kələmə də bükmək olar. Dolmaları qazana düzüb üzərinə su əlavə edib bişməyə qoyun. Dolmaların üzərinə qapaq və ya boşqab yerləşdirin ki, dolmalar açılmasın. Bişənə yaxın dolmaların üzərinə yağ əlavə edin.
Zodiak Salatı
“Zodiak” Salatının tərkibi:
- 500 qr göbələk
- 2 ədəd toyuq filesi
- 4 ədəd yumurta
- 2 ədəd xiyar
- 1 banka konservləşdirilmiş qarğıdalı dənəsi
- mayonez
- duz, istiot zövqə görə
“Zodiak” Salatının hazırlanma qaydası:
İlk öncə göbələkləri kiçik kub formasında doğrayın. Tavada bir az yağ əlavə edin və göbələkləri yağda qovurun. Qovrulmuş göbələyə duz əlavə edib qarışdırın. Ocaqdan götürüb soyuması üçün kənara qoyun. Toyuq filesini az duzlu suda qaynadın. Bişmiş toyuq filesini kub formasında doğrayın. Yumurtaları da suda bişirib qabığını soyun. Bişmiş yumurtaları və xiyarı kiçik kub formasında doğrayın. Salatı hazırlayacağınız qaba doğranmış toyuq filesi, yumurta, xiyar, qovrulmuş göbələk, konservləşdirilmiş qarğıdalı dənəsi, mayonez və zövqə görə duz, istiot əlavə edib qarışdırın. Dadlı və doyumlu “Zodiak” salatı hazırdır!
Şəkərsiz Limonad
Şəkərsiz Limonadın tərkibi:
- 2 ədəd limon suyu
- 1 çimdik stevia yaprağı
- 1 stəkan (200ml) su
- bol buz
Şəkərsiz Limonadın hazırlanma qaydası:
Stevia yarpağı qan şəkərini artırmayan şəkər dadlı bir bitkidir. Stevia otunu 1/2 stəkan suda qaynadın. 5 dəqiqə dəmləyin və soyumasını gözləyin (limonadınızı daha şirin istəsəniz, steviyanın miqdarını artıra bilərsiniz). Bir stəkana limon suyu, dəmlənmiş stevia otu, su və buz əlavə edib qarışdırın. Şəkər qəbulundan imtina edənlər bu içkini hazırlayıb içə bilər.
Güllü Peçenye
Güllü Peçenyenin tərkibi:
- 200 qr kərə yağı
- 1 stəkan duru yağ
- 1 ədəd yumurta
- 1 stəkan şəkər kirşanı
- 1 stəkan nişasta
- 3,5 -4 stəkan un
- 1/2 paket qabartma tozu
- 2 paket vanil
Üzəri üçün:
- 150 qr əridilmiş ağ şokolad
- 1 çay qaşığı yaşıl fıstıq ləpəsi
- 1 çimdik yeyilən qurudulmuş gül ləçəyi
Güllü Peçenyenin hazırlanma qaydası:
Bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağını, bitki yağı və yumurtanı qarışdırın. Üzərinə şəkər kirşanı, vanil, qabartma tozu və nişastanı da əlavə edib yaxşıca qarışdırın. Unu da hissə-hissə əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğurun. Xəmiri dəzgahın üzərində 1,5 sm qalınlığında yayıb xüsusi peçenye qəlibiylə və ya stəkanla formalar kəsin. Yağlı kağız sərdiyiniz soba sinisinə aralıqlarla düzüb orta hissəsini şüşə butulka qapağıyla ayırıb çıxarın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada yüngül qızarana qədər bişirin. Soyuyan peçenyelərin üzərinə əridilmiş ağ şokolad yaxıb gül qurusu və yaşıl fıstıq ləpəsiylə bəzəyə bilərsiniz.
Ramazanın dördüncü günü – 4 mart 2025-ci il üçün Azərbaycanda oruc vaxtları:
İmsaq (orucun başlanğıcı): 05:44
İftar (orucun açılması): 18:50
Günün duası
اللهم قوِّني فيه على إقامةِ أمرك، وأذِقني فيه حلاوةَ ذكرك، وأوزعني فيه لأداءِ شكرك، بكرمك يا أرحم الراحمين
Tərcümə:
“Allahım! Bu gündə Sənin itaətini yerinə yetirməkdə məni möhkəmləndir, Səni zikr etməyin şirinliyini mənə nəsib et, Sənə şükür etməyə məni ruhlandır. Ey mərhəmətlilərin ən mərhəmətlisi, Öz kərəminlə!”
Allah Tutduğunuz Orucu Qəbul Etsin!