
Ramazanın iftar süfrəsinə ləziz olmaqla yanaşı, həm də doyumlu yeməklər bişirmək üçün menyumuza nəzər salın. Evdar.az iftar süfrəsi üçün doyumlu və ləziz reseptləri təqdim edir.
Hinduşka Ətindən Şirəli Qovurma
Hinduşka Ətindən Şirəli Qovurmanın tərkibi:
- 1,5 kq hinduşka əti
- 5-6 ədəd soğan
- kərə yağı
- 400 qr təmizlənmiş qaynadılmış şabalıd
- alça turşusu
- duz, dənə istiot,sarıkök
- kartof, yerkökü, sarımsaq
Hinduşka Ətindən Şirəli Qovurmanın hazırlanma qaydası:
İlk öncə hinduşka ətini qovurmalıq doğrayıb yuyun. Dərin qazana hinduşka ətini, qabığı soyulmuş,iki hissəyə bölünmüş soğan, yuyulmuş qabıqlı iki hissəyə bölünmüş sarımsaq, 2 ədəd bütöv halda yerkökü. duz, dənə istiot və ətlərin üzərini keçəcək qədər su əlavə edib 1,5 -2 saat ət yumşalana qədər qaynadın. Ətin üzərinə yığılan kəfi ayırıb atın. Kartofları qabıqlı şəkildə yaxşıca yuyub halqalar formasında doğrayın. Tavaya yağ əlavə edib kartofları qızardıb götürün. Soğanları nazik yarım halqa formasında doğrayın və kartofu qızartdığınız tavada yağda qovurub götürün. Bişən hinduşka ətlərini də yağda azca qızardın. Üzərinə alça turşusu, qaynadılmış şabalıd, qızardılmış kartof və soğanı əlavə edin. Zövqə görə duz, istiot, sarıkök və hinduşka ətinin bulyonundan 2-3 qaşıq əlavə edib qazanın qapağını örtün. 15-20 dəqiqə bişirib ocaqdan götürün. Dadlı yeməyi süfrəyə ləziz turşularla birlikdə verin.
Küftəli Dovğa Şorbası
Küftəli Dovğa Şorbasının tərkibi:
- 1 balon qatıq
- 2 ədəd yumurta
- 1 xörək qaşığı un
- 60 qr düyü
- 1 xörək qaşığı mayonez
- 1 stəkan bişmiş noxud
- 2 dəstə keşniş
- 2 dəstə şüyüd
- 1 dəstə kəvər
- 1 dəstə nanə
- 1 dəstə dağ keşnişi
- 2 dəstə ispanaq
- bir neçə budaq tərxun
Küftəsi üçün:
- 200 qr yağsız mal əti
- 1 ədəd soğan
- zövqə görə duz, istiot
Küftəli Dovğa Şorbasının hazırlanma qaydası:
İlk öncə küftəni hazırlamaq üçün qiymənin üzərinə soğan çəkib əlavə edin. Zövqə görə duz, istiot əlavə edib qarışdırın. Hazırladığınız qiymədən əlinizi isladaraq kiçik küftələr hazırlayın. Düyünü suda isladın. Göyərtiləri yaxşıca yuyub süzün və xırda doğrayın. Qazana qatıq, yumurta, un və mayonez əlavə edib tel çırpıcı, mikser və ya blenderlə yaxşıca çırpın. Üzərinə düyü və 1 litr qaynar su əlavə edib ocağa qoyub qaynayana qədər qarışdırın. Qaynayan dovğaya hazırladığınız küftələri əlavə edib 10 dəqiqə qaynadın. Doğradığınız göyərtini və noxudu da dovğaya əlavə edib qarışdırın. 2-3 dəqiqə bişdikdən sonra ocağı söndürün. Ocaqdan götürdüyünüz dovğaya 10 dəqiqə sonra zövqə görə duzunu da əlavə edib qarışdırın. Küftəli dovğanı kasalara töküb süfrəyə verə bilərsiniz.
Kartoflu Rulet Salatı
Kartoflu Rulet Salatının tərkibi:
- 6 ədəd kartof
- 1 çay qaşığı duz
- 2 stəkan qatıq
- 2 diş sarımsaq
- 2 xörək qaşığı mayonez
- 1 çay qaşığı duz
- 2 stəkan konservləşdirilmiş qarnir (qaynadılmış kartof, yerkökü və yaşıl noxud)
- 1 stəkan xiyar turşusu
- 1 stəkan qaynadılmış qarğıdalı dənəsi
- 1/2 dəstə şüyüd
Kartoflu Rulet Salatının hazırlanma qaydası:
“Aypara” Peçenyesi
“Aypara” Peçenyesinin tərkibi:
Xəmiri üçün:
- 100 qr kərə yağı
- 200 qr un
- 20 qr şəkər tozu
- 50 ml soyuq su
İçlik üçün:
- 200 qr qoz ləpəsi
- 100 qr xurma
- yarım çay qaşığı darçın tozu
“Aypara” Peçenyesinin hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün dərin bir qabda un və şəkər tozunu qarışdırın. Üzərinə yumşaldılmış kərə yağı əlavə edib əllə umac halına gələnə qədər ovun. Soyuq suyu da əlavə edib xəmir yoğurun. Xəmiri streç salafana büküb 30 dəqiqəlik soyuducuya yerləşdirin.
İçliyi hazırlamaq üçün xurmanın tumunu çıxarıb kasaya qoyun və üzərinə qaynar su töküb 10 dəqiqə kənarda gözlədin. Daha sonra suyunu süzüb kağız salfetin arasında qurulayın. Blenderin qabına yumşaltdığınız xurma, qoz ləpəsi və darçın tozu əlavə edib yaxşıca xırdalayın.
Xəmiri soyuducudan götürüb 20-24 ədəd bərabər hissələrə bölün. Kündələri oxlovla nazik dairələr formasında yayın. Yaydığınız kündənin kənar hissəsinə içlikdən qoyub rulet formasında bükün. Daha sonra kənarlarını bükərək aypara şəkli verin. Bu qaydayla içliyi qalan kündələrə bölüşdürüb bükün. Yağlı kağız sərilmiş soba sinisinə peçenyeləri düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə yüngül qızarana qədər bişirin. Hazır peçenyelərin üzərinə şəkər kirşanı səpib süfrəyə verə bilərsiniz.
Məkkəgülü Şərbəti
Məkkəgülü Şərbətinin tərkibi:
- 2 xörək qaşığı məkkəgülü( hibiskus)
- 1 xörək qaşığı mixək
- 1 ədəd darçın çubuğu
- 2-3 dilim limon
- 4 xörək qaşığı şəkər tozu
- 1 litr su
Məkkəgülü Şərbətinin hazırlanma qaydası:
Dərin bir qazana hibiskus, darçın çubuğu, mixək dənələri, limon dilimləri, şəkər tozu (zövqə görə artırıb azalda bilərsiniz) və 1 litr su əlavə edib ocağa qoyun. 6-7 dəqiqə rəngi çıxana qədər qaynadın. Ocaqdan götürüb süzün. Soyuq və ya isti halda içə bilərsiniz.
Ramazanın altıncı günü – 6 mart 2025-ci il üçün Azərbaycanda oruc vaxtları:
İmsaq (orucun başlanğıcı): 05:41
İftar (orucun açılması): 18:52
Günün duası
اللهم لا تخذلني فيه لتعرُّضِ معصيتك، ولا تضربني بسياط نقمتك، وزحزحني فيه من موجبات سخطك، بمنِّك وإحسانك يا منتهى رغبة الراغبين
Tərcümə:
“Allahım! Bu gündə məni Sənin günahına düşməkdən qoruyaraq zəlil etmə, məni qəzəbinlə cəzalandırma, məni Sənin qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdır. Ey bütün istəyənlərin ən böyük istəyi, Öz mərhəmətin və ehsanınla!”
Allah Tutduğunuz Orucu Qəbul Etsin!