
Bişmiş ballı krem tortları, pirojnaları doldurmaq və bəzəmək üçün çox uyğundur. Müstəqil bir desert kimi də süfrəyə verilə bilər. Evdar.az bişmiş ballı kremin reseptini təqdim edir.
Tərkibi:
- 1 litr qaymaq
- 4 ədəd yumurta
- 200 qr bal
- 1 çay qaşığı duz
- 2 çay qaşığı vanil
- 100 qr un
Hazırlanma qaydası:
Bir qabda 4 ədəd yumurtanı mikserlə yaxşıca çırpın. Üzərinə 100 qr un və 1 çay qaşığı duz töküb qarışdırın. Bir litr qaymağı qalın dibi olan bir qazana tökün. Qaymağın yağlılığı önəmli deyil, qaymaq nə qədər yağlı olarsa, krem də bir o qədər qatı olar. Qazana 200 qram bal əlavə edib ocağa qoyun. Bal əriyib qarışana qədər qaynadın. Qaynamağa başladıqda ocaqdan götürün. Unlu qarışığı isti ballı qaymağa az-az əlavə edib dayanmadan tel çırpıcıyla və ya mikserlə qarışdırın. Qarışığı yenidən qazana töküb zəif ocaqda tel çırpıcıyla qarışdıraraq qaynadın. Ocağı söndürüb 1-2 dəqiqə qarışdırmağa davam edin. Daha sonra mikserin qabına kremi töküb 1-2 dəqiqə çırpın. Kremin üzərini streç salafanla örtüb otaq 1 saatlıq soyuması üçün kənara qoyun. Yaxşı soyuması üçün daha sonra ən az 3 saatlıq soyuducuya yerləşdirin. Saatın tamamında soyuducudan çıxarıb mikserlə yaxşıca çırpın. Çırpma prosesində 2 çay qaşığı vanil əlavə edin. Krem hazırdır! İstədiyiniz tortu və ya pirojnanı bu kremlə doldurub bəzəyə bilərsiniz.
Tortlar və şirniyyatlar üçün müxtəlif reseptləri http://evdar.az saytımızda Tortlar və Şirniyyatlar bölməsində tapa bilərsiniz.
Nuş Olsun!