Turşumuş Qatıqdan Hazırlanan Dadlı Pendir

Yields: 1 Serving

Min bir əziyyətlə hazırladığınız və ya aldığınız qatıq turşuya bilər. Bu şəkildə turşuyan qatığı yemək olmadıqda israf etməyin. Turşuyan qatığı dəyərləndirmək üçün ondan pendir hazırlayın. Bu pendirin dadı bir az fərqli olduğu üçün hər damaq dadına uyğun gəlməyə bilər. Evdar.az turşumuş qatıqdan hazırlanan pendirin reseptini təqdim edir.

Tərkibi:

  • 4 kq qatıq
  • 6 çay qaşığı duz
  • 1/2 stəkan limon suyu
  • 1/2 stəkan sirkə
  • çörəkotu

Hazırlanma qaydası:

Turşuyan qatığı qazana töküb üzərinə 3 çay qaşığı duz, 1/2 stəkan limon suyu və 1/2 stəkan sirkə əlavə edib ocağa qoyun. Qaynayana qədər arabir qarışdırın. Kəsilən qatığı ocaqdan götürün. Təmiz bir tənzifi süzgəcə sərib altına bir qab qoyun. Qatığı tənzifə süzüb üzərinə 3 çay qaşığı duz və zövqə görə çörəkotu səpin. Daha sonra tənzifi yaxşıca sıxıb bağlayın. Tənzifi hündür bir yerdən asın ki, suyu süzülsün. Bu şəkildə ən az 4-5 saat süzün. Bərk olmasını istəyirsinizsə üzərinə ağırlıq qoyub 2-3 saat gözlətdikdən sonra istifadə edə bilərsiniz. Hazır pendiri qapaqlı bir qabda 1 həftəyə qədər soyuducuda hava almayacaq şəkildə saxlaya bilərsiniz və ya ləzzətlə nuş edə bilərsiniz.

Qeyd:

  • Üzüm sirkəsi istifadə etdikdə pendirin rəngi bir az çəhrayı rəng olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.