
Ramazanın beşinci günündə iftara nə bişirəcəyinizə qərar verə bilmirsiniz? Mütəxəssislər yüngül və doyurucu yeməklər seçməyi məsləhət görürlər. Evdar.az doyurucu və ləzzətli iftar menyusu təqdim edir.
Ramazanın İftar Menyusu
Tərəvəz Şorbası
Tərəvəz Şorbasının tərkibi:
- 700 qr kabak
- 250 qr pomidor
- 150 qr soğan
- 6 xörək qaşığı yulaf yarması
- 700 ml su
- 1 xörək qaşığı günəbaxan yağı
- duz, istiot zövqə görə
- bir neçə budaq şüyüd
Tərəvəz Şorbasının hazırlanma qaydası:
Təzə, tumsuz kabakları və pomidoru yaxşıca yuyun. Soğanın da qabığını soyub yuyun. Tərəvəzləri iri kub formasında doğrayın. Bir qazana doğranmış pomidor, kabak, soğan və qaynar su töküb 15-20 dəqiqə bişirin. Bişən tərəvəzlərə duz, istiot və yulaf yarması töküb 2-3 dəqiqə bişirin. Şorbanı ocaqdan götürüb qapağı bağlı şəkildə 5 dəqiqə kənarda saxlayın. Daha sonra əl blenderiylə şorbanı püre halına gələnə qədər yaxşıca qarışdırın. Şorbaya günəbaxan yağını da əlavə edib qarışdırın. Hazır şorbanı porsionluq kasalara bölüşdürün və üzərini doğranmış şüyüdlə bəzəyin.
Toyuq Bozartması
Toyuq Bozartmasının tərkibi:
- 1 kq toyuq əti
- 600 qr kartof
- 200 qr kərə yağı
- 200 qr soğan
- 40 qr keşniş
- 40 qr şüyüd
- 5 qr kəklikotu
- 800 ml toyuq bulyonu
- zövqə görə duz, istiot
Toyuq Bozartmasının hazırlanma qaydası:
İlk öncə tavada kərə yağını əridib toyuq tikələrini yağda yüngül qızardıb. Qızardılmış toyuq tikələrini tavadan götürüb eyni tavada yarım halqa doğranmış soğanları qovurun. Soğanları da tavadan götürüb 2 və ya 4 yerə bölünmüş kartofları yağda üzərinə kəklikotu səpib yüngül qızardın. Dərin bir qazana qızardılmış toyuq tikələri düzüb, üzərinə qızardılmış kartof, soğan, duz, istiot və toyuq bulyonu əlavə edib orta odda bişməyə qoyun. Bişən yeməyə doğranmış keşniş və şüyüd əlavə edib ocaqdan götürün. Hazır yeməyi süfrəyə verdikdə üzərinə kəklikotu səpin.
Vitaminli Salat
Vitaminli salatın tərkibi:
- 100 qr konservləşdirilmiş qarğıdalı
- 100 qr konservləşdirilmiş yaşıl noxud
- 2 ədəd yumurta
- 1 ədəd xiyar
- 1,5 xörək qaşığı mayonez
- 2 budaq yaşıl soğan
- zövqə görə duz
Yüngül və Vitaminli Salatın hazırlanma qaydası:
İlk öncə yumurtaları suda bişirib soyudun. Soyuyan yumurtanın qabığını soyub kiçik kub formasında doğrayın. Təzə xiyarın qabığı kobud və acı deyilsə soymağa ehtiyac yoxdur. Xiyarları kiçik kub formasında doğrayın. Salatı hazırlayacağınız qaba suyu süzülmüş konservləşdirilmiş qarğıdalı, yaşıl noxud, doğranmış yumurta, xiyar, duz və mayonez əlavə edib qarışdırın. Yaşıl soğanı da yuyub suyunu süzün və xırda doğrayıb salata əlavə edin.
Unsuz, Yağsız Çimdik Peçenyesi
Unsuz, Yağsız Çimdik Peçenyenin tərkibi:
- 350 qr qoz ləpəsi (və ya badam ləpəsi)
- 2 ədəd yumurta ağı
- 1 su stəkanından 1 barmaq aşağı şəkər tozu
- 1 paket vanil
Bulamaq üçün:
- şəkər kirşanı
Unsuz, Yağsız Çimdik Peçenyesinin hazırlanma qaydası:
İlk öncə qoz ləpəsini mətbəx robotuyla xırdalayıb toz halına gətirin. Bir qabda yumurta ağını və şəkər tozunu çəngəllə yüngül çırpın. Üzərinə vanili də əlavə edib qarışdırın. Yumurta qarışığını çəkilmiş qoz ləpəsiylə birləşdirib ələ yapışan konsistensiyada kütlə hazırlayın. Əlinizi isladaraq xəmirdən qoz böyüklüyündə toplar yuvarlayın. Bu topları bol şəkər kirşanına bulayıb yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. İki barmaq uclarını şəkər kirşanına batırıb hər peçenyeni çimdikləyərək iz buraxın. Bu qaydayla hazırladığınız peçenyeləri əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Daha çox bişirməyin, əks halda quruyacaq və çox sərtləşəcək. Sobadan çıxan peçenyelər yumşaq olacaq, onlara toxunmayın. Soyuduqda bərkiyəcək. Soyuyan peçenyeləri çay və ya qəhvənin yanında süfrəyə verə bilərsiniz.
Ramazanın beşinci günü – 5 mart 2025-ci il üçün Azərbaycanda oruc vaxtları:
İmsaq (orucun başlanğıcı): 05:43
İftar (orucun açılması): 18:51
Günün duası
اللهم اجعلني فيه من المستغفرين، واجعلني فيه من عبادك الصالحين القانتين، واجعلني فيه من أوليائك المقربين، برحمتك يا أرحم الراحمين.
Tərcümə:
“Allahım! bu ayda məni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver, Öz saleh və itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et, mehribanlığın xatirinə, ey mərhəmətlilərin Mərhəmətlisi!”
Allah Tutduğunuz Orucu Qəbul Etsin!