
Bərəkətli süfrələriniz üçün hazırlaya biləcəyiniz möhtəşəm bir iftar menyusu. Evdar.az ləzzətli və doyumlu iftar menyusunu təqdim edir.
Soğan Bozbaşı
Soğan Bozbaşının tərkibi:
- soğan
- kərə yağı
- qaynar su
- kartof
- qaragöz lobya
- duz, istiot, sarıkök
Soğan Bozbaşının tərkibi:
İlk öncə soğanı kiçik kub formasında doğrayın.Qazanda kərə yağını əridib soğanı yağda qovurun. Üzərinə qaynar su və iri kub formasında kartofu əlavə edib qarışdırın. Zövqə görə yuyulmuş düyü də əlavə edə bilərsiniz. Əvvəlcədən bişirilmiş qaragöz lobya, duz, istiot və sarıkök əlavə edib bişirin. Kasada 1 ədəd yumurtanı çəngəllə yüngül çırpın. Çırpılmış yumurtanı qaynayan şorbaya az-az əlavə edib qarışdırın. Daha 3-4 dəqiqə bişirib ocaqdan götürün. Üzərinə nanə qurusu əlavə edib süfrəyə verin.
Arnavut Ciyər Qızartması
Arnavut Ciyər Qızartmasının tərkibi:
- 1 kq dana ciyəri
- 1 stəkan süd
- 1 stəkan un
- 3 ədəd kartof
- 1 çay qaşığı duz
- 1 çay qaşığı şirin qırmızı bibər tozu
- 1 çay qaşığı pul bibər
- 1 çay qaşığı zirə (kimyon)
Üzəri üçün:
- 1 ədəd qırmızı soğan
- 1-2 budaq cəfəri
- sumaq, qara Urfa bibəri
Qızartmaq üçün bitki yağı
Arnavut Ciyər Qızartmasının hazırlanma qaydası:
İlk öncə qaraciyərin pərdəsini çıxarın və quşbaşı şəklində doğrayın. Dərin bir qaba doğranmış qaraciyər və südü əlavə edib qarışdırın. Qabın üzərini streç salafanla örtüb 2-3 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxardıb süzgəcdə süzün. Kartofun qabığını soyun və soyulmuş kakrtofları kub şəklində doğrayın. Tavada yağı yaxşıca qızdırın. Əvvəlcə qızğın yağda doğranmış kartofu qızardın. Dərin bir qaba un töküb üzərinə süzülmüş ciyəri əlavə edin. Ciyəri yaxşıca qarışdırın ki, hər yeri unla örtülsün. Daha sonra unlanmış ciyəri süzgəcdə artıq ununu tökmək üçün silkələyin. Kartofu qızartdığınız tavaya ciyəri də əlavə edib 4-5 dəqiqə qovurun. Qovrulmuş ciyər və qızardılmış kartofların üzərinə ədviyyatlar əlavə edib yaxşıca qarışdırın. Qırmızı soğanı yarım halqa doğrayın. Cəfərini də doğrayın. Soğan, cəfəri, sumaq və qara Urfa bibəri əlavə edib qarışdırın. Servis edəcəyiniz boşqaba ciyər və kartof qızartmasını yerləşdirib kənar hissələrinə sumaqlı soğan düzüb süfrəyə verin.
İki İçlikli Dadlı Botlix Piroqu
İki İçlikli Dadlı Botlix Piroqunun tərkibi:
Xəmiri üçün:
- 1 ədəd yumurta
- 100 qr şəkər tozu
- 120 qr xama
- 150 ml kefir
- 1 çay qaşığı soda
- 100 qr əridilmiş kərə yağı
- 500 qr un
- 2 xörək qaşığı bitki yağı
1-ci içlik üçün:
- 200 qr qoz ləpəsi
- 50 qr.şəkər tozu
2-ci içlik üçün:
- 200 qr ərik qurusu
- 50 qr şəkər tozu
Üzəri üçun:
- 1 ədəd yumurtanın sarısı
- 1 xörək qaşığı bitki yağı
Dağıstan Mətbəxinin İki İçlikli Dadlı Botlix Piroqunun hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün ilk öncə yumurtayla şəkər tozunu mikserlə çırpın. Üzərinə xama, kefir və soda qarışığını əlavə edib çırpmağa davam edin. Əridilmiş kərə yağını da əlavə edib çırpın. Ələnmiş unu da əlavə edib qarışdırın. Bitki yağını da əlavə edib ələ yapışmayan yumşaq xəmir yoğurun. Xəmiri streç salafana büküb 1 saatlıq soyuducuya yerləşdirin.
1-ci içliyi hazırlamaq üçün qoz ləpəsini blenderlə xırdalayıb üzərinə şəkər tozu töküb qarışdırın. Bu içlikdən piroqun üzəri üçün 2-3 xörək qaşığı götürüb kənara ayırın.
2-ci içliyi hazırlamaq üçün ərik qurusunu 10 dəqiqə qaynar suda isladın. Yumşalmış ərik qurularının suyunu süzüb blenderin qabına töküb üzərinə şəkər tozu əlavə edin. Blenderlə pürə halına gələnə qədər yaxşıca əzin. Əgər çox quru olarsa 1-2 qaşıq su əlavə edə bilərsiniz.
Xəmiri soyuducudan götürüb 3 hissəyə bölün. Diametri 22-24 sm olan qəlibin içərisinə yağlı kağız sərin. Azca unlanmış dəzgahın üzərində kündələri 5-6 mm qalınlığında yayın. Yaydığınız ilk xəmiri qəlibin içərisinə yerləşdirib kənarlarını azca qaldıraraq forma verin. Qozlu içliyi xəmirin üzərinə səpib yayın. İkinci xəmiri də yerləşdirib üzərinə püreli içliyi yayın. Üçüncü xəmiri də yerləşdirib kənarlarını səliqəyə salın.Çəngəllə bir neçə yerdən deşdəkləyin. Üzəri üçün yumurta sarısı və bitki yağını qarışdırıb xəmirin üzərinə yaxın. Kənara ayırdığınız qozlu içliyi də səpib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Qatıqlı Çuğundur Salatı
Qatıqlı Çuğundur Salatının tərkibi:
- 3 ədəd orta ölçüdə qırmızı çuğundur
- 1 kasa süzmə qatıq
- 2 diş sarımsaq
- 3 ədəd xiyar turşusu
- 1/2 çay qaşığı duz
Üzəri üçün:
- 2-3 buda şüyüd
- 2-3 ədəd qoz ləpəsi
Qatıqlı Çuğundur Salatının hazırlanma qaydası:
İlk öncə çuğundurların qabığını soyun. Qabığı soyulmuş çuğundurları suyla dolu qazana yerləşdirib ocağa qoyun. Qaynayıb yumşalan çuğundurları ocaqdan götürüb soyudun. Soyuyan çuğunduru sürtgəcdən keçirin. Xiyar turşusunu kiçik kub formasında doğrayın. Sarımsağı da sarımsaqəzəndən keçirin. Dərin bir kasaya süzmə qatığı tökün. Üzərinə rəndələnmiş çuğunduru, doğranmış turşu xiyarı, sarımsağı və duzu əlavə edib qarışdırın. Qarışdırdıqdan sonra zövqə görə geniş bir qaba yayıb və ya kiçik halqaların içərisində forma verərək süfrəyə verə bilərsiniz. Üzərini doğranmış şüyüd və xırdalanmış qoz ləpəsiylə bəzəyə bilərsiniz.
Ramazanın yeddinci günü – 7 mart 2025-ci il üçün Azərbaycanda oruc vaxtları:
İmsaq (orucun başlanğıcı): 05:40
İftar (orucun açılması): 18:53
Günün duası
اللهم أعنِّي فيه على صيامِه وقيامِه، وجنِّبني فيه من هفواتِه وآثامِه، وارزقني فيه ذِكرَك بدوامِه، بتوفيقِك يا هادِيَ المُضِلِّين
Tərcümə:
“Allahım! Bu gündə mənə orucu tutmaqda və namaz qılmaqda kömək et, məni səhvlərdən və günahlardan uzaq tut, Səni daim zikr etməyi mənə nəsib et. Ey azmışları hidayətə yönəldən, Öz lütfünlə!”
Allah Tutduğunuz Orucu Qəbul Etsin!